RU

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı

  Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatında start verilib.

Mundialın ilk günündə Azərbaycanın bir təmsilçisi rinqə çıxıb.

50 kq çəki dərəcəsində yer alan Marjona Savriyeva rumıniyalı Mihaela Badesku ilə üz-üzə gəlib. Qarşılaşmanın ilk raundunda bütün 5 hakim Savriyevanın üstünlüyünü qeydə alıblar.

İkinci raundun ortalarında Badesku ayağından zədələnib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, döyüşü davam etdirə bilməyib. Nəticədə Azərbaycan təmsilçisi qalib elan olunub.

Savriyeva 1/8 finalda bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan millisinin baş məşqçisi İlkin Ağayevin rəhbərliyi altında qarşıdakı günlərdə Anaxanım İsmayılova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) da mübarizə aparacaq. Yarışa martın 16-da yekun vurulacaq.  

Избранный
75
12
referans.az

10Источники