Türkiyə Supeliqasında göstərilən uğursuz nəticələr Şenol Güneşin "Trabzonspor"un baş məşqçisi postundan ayrılmasına səbəb olub. 

Offsideplus.az xəbər verir ki, bu barədə qərar klub rəhbərliyi ilə çalışdırıcı arasında bu gün 4 saat sürən görüş zaman verilib.

73 yaşlı çalışdırıcıya idman direktoru vəzifəsi təklif olunsa da, qarşı tərəfin cavabı hələlik məlum deyil.

Türkiyə Superliqasının axırıncı turunda doğma meydançada autsayder "Hatayspor"a 1:2 hesablı məğubiyyət "Trabzonspor" rəhbərliyinin səbr kasasını daşırıb. Son 4 matçın 3-də uduzan komanda 10-cu yerə yuvarlanıb. Trabzonluları "təhlükəli zona"dan cəmi 5 xal ayırır. 

Artıq yeni baş məşqçi ilə bağlı mümkün variantlar səsləndirilib. İddialara görə, "Trabsonspor"u Fatih Tekke çalışdıracaq. Türkiyə yığmasının sabiq hücumçusu karyerasına məhz Trabzon təmsilçisində başlayıb və  burada 5 il forma geynib. 2015-ci ildən bəri məşqçilik fəaliyyəti göstərən Fatih Tekke son iş yeri "Alanyaspor"dan ötən ilin oktybarında ayrılıb.