RU

Elxan Abdullayev: Demək olar ki, “Qarabağ” çempionluğu, “Zirə” isə gümüş medalları təmin edib

Bakı, 11 mart, AZƏRTAC

“Hazırkı durumda “Zirə”, “Araz-Naxçıvan” və “Turan Tovuz” avrokuboklara vəsiqə qazanmaq baxımından daha çox şanslı görünür. Demək olar ki, “Qarabağ” çempionluğu, “Zirə” isə gümüş medalları təmin edib”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin keçmiş məşqçisi Elxan Abdullayev avrokuboklara vəsiqə və Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandalar barədə danışarkən deyib.

O bildirib ki, Misli Premyer Liqasında dördüncü yeri tutan komandanın avrokuboklarda iştirakı ölkə kubokundakı yekun nəticədən asılı olacaq: “Kuboku qazanmaq üçün “Neftçi” və “Sabah” komandaları daha çox can yandıracaq. Çünki onların çempionatda işləri yaxşı deyil. Amma mənə görə, “Qarabağ” finalda bu kollektivlərdən birini məğlub edəcək. Ağdam təmsilçisinə qalib gəlmək çətin görünür”.

54 yaşlı mütəxssis “Sabah”da tez-tez baş verən məşqçi dəyişikliyinin komandanın oyununa təsir etdiyini söyləyib: “Mövsümə Krunoslav Renduliçlə başlayan komandanın fərqli oyun üslubu var idi. Futbolçular artıq buna öyrəşmişdilər. Rusiyalı mütəxəssis Vasili Berezutskinin mövsümün gedişində baş məşqçi təyin olunması planları dəyişdi. İndi ondan nəsə gözləmək olmaz, vaxt lazımdır”.

E. Abdullayev “Səbail” komandasının Premyer Liqanı tərk etməyə daha yaxın olduğunu bildirib: “Düzdür, Cavid Hüseynovun gəlişindən sonra komanda yaxşı oyun nümayiş etdirir. Lakin nəticə yoxdur. Əsas mübarizə “Səbail” ilə “Kəpəz” arasında olacaq. Amma Bakı klubu xal baxımından geridədir və Premyer Liqanı tərk etməyə əsas namizəddir”.

Azərbaycan millisinin keçmiş üzvü 11 oyundan sonra qol vuraraq qalib gələn “Sumqayıt” barədə də danışıb: “Çoxları komandanın zəif oyun sərgilədiyini düşünsələr də, heç də belə deyil. Vaqif Cavadov əzmkar və aqressiv kollektiv formalaşdırıb. Sadəcə, qol vuran hücumçuya ehtiyac var. Ötən il Kazimir Ninqa, Cordan Rezabala uğurlu performans göstərirdilər. Onların yeri görünür”.

Qeyd edək ki, Misli Premyer Liqasında turnir cədvəlinə 63 xalla “Qarabağ” başçılıq edir. “Zirə” 51 xalla ikinci, “Araz-Naxçıvan” isə 46 xalla üçüncü sırada qərarlaşıb.

Избранный
58
azertag.az

1Источники