RU

Şəkərli diabet, yüksək təzyiq - Yaşlı insanlar oruc tutarkən nələrə diqqət etməlidirlər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İslam təqviminin doqquzuncu ayı olan mübarək Ramazan ayının əsas vacibatı oruc tutulmasıdır.
Müsəlman kəsin sağlamlığı qaydasındadırsa və sağlamlığını təhlükəyə atacaq hal yoxdursa, o mütləq qaydada oruc tutmalıdır. Balacadan-böyüyə inanclı şəxslərin hamısı bu vacib şərti yerinə yetirməyə çalışır. Ancaq heç də hamı səhhətini nəzərə almır.
Oruclu yaşlıların qarşılaşa biləcəyi problemlər
Yaşlı insanlar oruc tutarkən sağlamlıq durumlarına diqqət etməlidirlər.
Belə ki, əgər şəxs şəkərli diabetdən əziyyət çəkirsə, oruc tutarkən hipoqlikemiya (qanda şəkərin normadan az olması), başgicəllənmə, bulanıq görmə, huşunu itirmə kimi hallarla üzləşə bilərlər.
Oruclu insana təsir edə biləcək digər hal hipertoniyadır. Bu, insanın qan təzyiqinin davamlı şəkildə normadan yüksək olduğu bir vəziyyətdir. Belə problemi olanlar qan təzyiqini idarə etmək üçün mütəmadi dərmanlar qəbul etməlidirlər. Oruc vaxtına təsadüf edən dərman qəbulu isə onu batil edir.
Məsləhətlər
1. Kofeindən istifadəni azaldın, mümkün qədər uzaq durun
Kofein sidikqovucu təsirə malik olduğuna görə qədərindən artıq qəbul edilərsə, bədən daha çox su itirər, bu isə qısa müddətdə susamağa gətirib çıxarar. Qeyd edək ki, kofein yüzdən çox bitkinin, əsasən isə qəhvə və çayın tərkibinə daxildir. Qəhvədən ayrı dura bilməyənlər isə iftar zamanı bu içkinin kofeinsiz variantına üstünlük verə bilərlər.
2. Şəkər və duzu yüksək olan qida qəbulundan çəkinin
Şəkərli qidalar qan şəkəri səviyyəsinin qəfil yüksəlməsi və enməsinə səbəb olur. Belə olduqda özünüzü yorğun, bitkin hiss edə bilərsiniz.
Çox duzlu yeməklər isə susuzluğu artırır. Sağlam bir Ramazan keçirmək üçün sahur və iftar vaxtında çox şəkərli, duzlu qida qəbulunu azaltmaq lazımdır.
3. Yemək normanıza nəzarət edin
İftarda həddən artıq yemək qanda şəkərin səviyyəsinin kəskin dəyişməsi ilə nəticələnir. Buna görə də qidanı az-az, iki-üç dəfəyə qəbul edə bilərsiniz.
4. Daha çox maye qəbul edin
Gün ərzində su içməyəcəyinizi nəzərə alaraq sahur və iftar vaxtlarında bol su içmək lazımdır. Bədənin susuz qalması qıcolmalara, bir müddət sonra böyrəklərin zədələnməsinə gətirib çıxara bilər.
Təzə meyvə və tərəvəz kimi su ehtiva edən qidalar da lazım olan maye həcmini əldə etməyə kömək edə bilər.
5. Daha çox aşağı qlikemik indeksli qidaları yeyin
Qlikemik indeks karbohidrat ehtiva edən qidaların orqanizmdə qan şəkərini nə qədər artırdığını təyin edən ölçüdür. Karbohidratlar şəkər, nişasta və lif formasında olur. Gündəlik qida rasionunda karbohidratın 45-65% yer tutması tövsiyə edilir.
Qidalar aşağı, orta və ya yüksək qlikemik indeksi olan qruplara ayrılır və 0-100 arası ölçü parametrinə görə sıralanır:
- Aşağı qlikemik indeks: 1 - 55. Yaşıl tərəvəzlər, əksər meyvələr, çiy yerkökü, lobya, noxud, mərci və s.
- Orta qlikemik indeks: 56 - 69. Şirin qarğıdalı, banan, çiy ananas, kişmiş, yulaf, yulaf kəpəyi və ya çovdar çörəyi və s.
- Yüksək qlikemik indeks: 70 və daha yüksək. Ağ düyü, ağ çörək, kartof və s.
Aşağı qlikemik indeksli qidalar diabetli insanlar üçün xüsusilə vacibdir, çünki qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edə bilər.
6. Hərəkət edin, gəzin
Bəzən aclıq hissini azaltmaq üçün yatmağa üstünlük verilir. Lakin oruc tutan şəxsin fiziki aktivlik göstərməsi onun qan dövranının yaxşılaşmasına, özünü daha enerjili hiss etməsinə səbəb olur. Buna görə də aktivliyi təmin etmək üçün sürətli gəzinti, qısa qaçışlar, yüngül məşqlər edə bilərsiniz.
Aygün Mirakif
Избранный
22
oxu.az

1Источники