RU

“Ruben, əgər silah yaxşı şeydirsə al apar evinə, övladların döyüşsün” - erməni şahid Vardanyanı ifşa etdi    

  Bakıda tarixi əhəmiyyətinə görə “Nürnberq prosesi” ilə müqayisə edilən məhkəmə prosesi davam edir. Müttəhimlər kürsüsündə milyarder Ruben Vardanyandır. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin ümumilikdə 42 maddəsi ilə ittiham irəli sürülüb. Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.

İş üzrə şahid qismində ifadə verənlər sırasında Qarabağda yaşayan erməniəsilli şəxslər də var. Sonuncu prosesdə Kamo Eduardoviç Hayrapetyan şahid qismində ifadə verib. Deyib ki, 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib. İfadəsində göstərib ki, Ruben Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaradıb. Dəstələri maliyyələşdirib.

“Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəm ki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi”, – deyə şahid sual edib.

Şahid Ruben Vardanyan maliyyəsi ilə Azərbaycan torpaqlarının minalanmasından da danışıb. Deyib ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb.

Şahid minaların Ermənistandan daşındığını açıqlayıb. Deyib ki, həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib. “Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb”, - deyə şahid əlavə edib.

Şahidin sözlərinə görə Ruben Vardanyanın maliyyəsi hesabına Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb. Həmin anbarların yerləşdiyi yerə gedən yolu silahlı şəxslər mühafizə ediblər. Anbarlarda Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbiçilər fəaliyyət göstəriblər. Anbarlara Ruben Vardanyan tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah və döyüş sursatı, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları toplanıb. Bu barədə Xankəndidə çox adamın məlumatı olub.

Şahid Ruben Vardanyanın çağırışı ilə Qarabağda yaşayan ermənilərin azərbaycanlılara qarşı döyüşmək üçün silahlandığını da açıqlayıb. Deyib ki, Ruben Vardanyan tərəfindən bütün erməni sakinlərin silahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib. Ruben Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub.

Şahidin sözlərinə görə, Ruben Vardanyan Qarabağa gələnədək erməni sakinlər arasında Azərbaycana inteqrasiya məsələsi ciddi formada yayılıb, insanlar Azərbaycanla əlaqələr qurmağa çalışıblar. Bir çoxları Azərbaycanın tərkibində yaşamaq və vətəndaşlıq almaq barədə ciddi fikirləşirdi.

2022-2023-cü illərdə Ruben Vardanyanın Xankəndi şəhərində gələrək burada Azərbaycana qarşı təbliğata başladığını söyləyən şahid deyib: “Ruben Vardanyanın gəlişindən sonra erməni sakinlərdə Azərbaycana qarşı düşmənçilik meyilləri gücləndi. Ruben Vardanyan erməni sakinlərin azərbaycanlılara nifrət etməsinə çalışırdı”.

Erməniəsilli Muşeq Qurgenoviç Qriqoryan da Ruben Vardanyanın məhkəməsində şahid qismində ifadə verib.

Şahid Ruben Vardanyanın Qarabağda qondarma rejimdə vəzifəyə təyin olunduqdan sonra muzdlu döyüşçülərdən ibarət dəstələr topladığını açıqlayıb. Qriqoryanın sözlərinə görə Ruben Vardanyanın formalaşdırdığı muzdlu dəstələrdə olan şəxslər Xocalı rayonunda yerləşən düşərgədə hərbi təlimlərə cəlb olunub.

“Əsgərlikdən yeni gəlmiş şəxslərin hərbi xidmətdə olan ixtisaslarını öyrənib və onlardan istifadəyə yararlı olan şəxsləri dəstələrə cəlb edib. Əsasən radiotexniki sahədə hərbi təcrübəsi olan əsgərlərin öz könüllü muzdlu dəstələrinə qoşulmasını həyata keçirib. O, bu məqsədlə Xocalı rayonunun Badara kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə çay kənarında əvvəllər “İdman Turizmi Federasiyası”nın nəzdində olmuş düşərgədə hərbi təlim məntəqəsi yaratdıraraq əsasən əsgərlikdən yeni gəlmiş gənclər, tələbələr və yuxarı sinif şagirdlərinə hərbi təlimlər keçilməsini təşkil edib. Mən Vardanyanı başa düşmürəm, əgər xalq üçün yaxşılıq edirsənsə, niyə silah alırsan, mina basdırırsan, adamlara pul verirsən, düşərgə açırsan? Əgər silah yaxşı şeydirsə, al apar evinə, övladların döyüşsün. Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”, - deyə şahid vurğulayıb.

Məhkəmə iclasında şahidlərin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunub. Onlar ibtidai istintaqda verdikləri ifadələrini təsdiqləyiblər. Sonra zərərçəkmişlər ifadə veriblər. Zərərçəkmiş Səyyad Ələkbərli Ruben Vardanyanı media vasitəsilə tanıdığını, özünün Ermənistandan gətirilərək Azərbaycanın suveren ərazilərində basdırılmış minaya düşərək xəsarətlər aldığını bildirib. O, hadisənin 2023-cü ilin avqust ayında Xocalıda kənd təsərrüfatı işləri görərkən baş verdiyini deyib. Zərərçəkmişlər Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı, Elbrus Əzimli, Elməddin Ağayev, Faiq Əzizov, Səxavət İsmayıl, İsmayıl Hüseynov və İbrahim Həmidli Kəlbəcərdə hərbi xidmət zamanı yaralandıqlarını bildiriblər. Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş ediblər.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Müttəhim Ruben Vardanyan növbəti dəfə martın 18-də hakim qarşısına çıxarılacaq.//musavat.com


Избранный
48
38
referans.az

10Источники