RU

Unutqanlıq problemi artır – Yaddaşımızı necə qoruyaq?

İnsanlar getdikcə süni intellektlə yer dəyişir. Süni intellekt hər şeyi yaddaşda saxlayarkən, istənilən məlumatı verərkən, insanlar getdikcə unutqanlıqdan əziyyət çəkir, alzheimer xəstəliyinin yayılması artır. Bu problem yaşa baxmır, gənclər arasında da çox rast gəlinir. İnsan beyni çox şeyə qadirdir deyirlər. Amma belə getsə, unutqanlıq bu ifadədə bizi yanıldacaq. Bəs necə edək ki, daha yaxşı xatırlama gücümüz olsun?

Valyuta.az bu problemin həll yollarını araşdırdı. 

Araşdırmalarına görə, mütəmadi fiziki fəaliyyətlə məşğul olmaq, idman etmək beyində yeni neyron əlaqələri yaradır və yaddaşı möhkəmləndirir. Gündə 30 dəqiqə yürüyüş belə beynin sağlamlığını dəstəkləyir.

Bir çox insanların yaralı yeri düzgün yuxu rejiminin olmamasıdır. Çətinləşən yaşam şəraitində bu önəmli faktora vaxt ayırmaq bəzən mürəkkəb məsələ kimi görünə bilir. Amma tədqiqatlar göstərir ki, dərin yuxu zamanı beyində məlumatlar sıralanır və uzunmüddətli yaddaşa ötürülür. Yuxunun keyfiyyətini artırmaq vacibdir.

Bağırsaqlar ikinci beynimizdir ifadəsini eşitmisiniz. Ona görə də sağlam qidalanmaq vacibdir. Omeqa-3 ilə zəngin qidalar (balıq, qoz, kətan toxumu) yaddaşı gücləndirir. Araşdırmalar da göstərir ki, antioksidantlarla zəngin qidalar (giləmeyvə, tünd şokolad) beynin fəaliyyətini artırır.

Kitab oxumaq, yeni dil öyrənmək və ya şahmat oynamaq beynin neyroplastikliyini artırır və onun zəifləməsinin qarşısını alır. Eyni zamanda meditasiya etmək də beyin hüceyrələrini qoruyur və diqqəti artıraraq yaddaşı möhkəmləndirir. Yalnız bunlar deyil, dostlarla ünsiyyət qurmaq, sosial aktivlik də yaddaşı gücləndirir.

İnsanların çoxu rahatlıq istəyər və buna alışar. Amma tədqiqatlar göstərir ki, yeni, çətin və mürəkkəb tapşırıqlar beynin elastikliyini artırır. Məsələn, sol əllə yazmaq, hər gün istifadə olunan yolu dəyişdirmək və.s yaddaşın güclənməsinə kömək edir.

Tez-tez eşitdiyimiz pomodoro metodunu tətbiq etməyin yaddaşa çox böyük təsiri var. Pomodoro üsulu 25 dəqiqəlik intensiv diqqət + 5 dəqiqəlik fasilə qaydası yaddaşı gücləndirən və informasiyanı daha yaxşı mənimsəməyə kömək edən təsirli üsullardan biridir. Yaddaşı gücləndirmək çətin deyil. Məsələn araşdırmalar göstərir ki, musiqi dinləmək, əsasən də klassik musiqi (məsələn, Motsart effekti) yaddaşın möhkəmlənməsinə və öyrənmə qabiliyyətinin yüksəlməsinə müsbət təsir edir. 

Digər rahat üsulu isə D vitamini qəbul etməkdir. D vitamini çatışmazlığı beynin informasiya emal etmə sürətini azaldır. Gündəlik günəş şüaları almaq və ya lazımi qidaları qəbul etmək yaddaşı qoruyur.

Yaddaşı gücləndirməyin ən önəmli üsullarından biri gülümsəməkdir. Araşdırmalar göstərir ki, pozitiv emosiyalar yaddaşın formalaşmasına və saxlanmasına müsbət təsir edir. Stress və narahatlıq isə məlumatın düzgün xatırlanmasına maneə ola bilər. Fikir versək görürük ki, yuxarıda sadalanan metodların çoxusunu insanlar tətbiq etmir. Məhz buna görə də unutqanlıq kimi problemlərlə qarşılaşırıq. 

Sərvanə Rəmixanova

Избранный
22
valyuta.az

1Источники