RU

Təyyarəyə telefonla daxil olanların diqqətinə: Cərimələnə bilərsiniz!

Sizcə, bir mobil telefonu uçuş rejiminə keçirməmək və ya təyyarədə "Wi-Fi" siqnal gücləndirici kimi cihazlardan istifadə etmək real təhlükə yarada bilərmi? Foto və video çəkilişlərin bəzi hallarda niyə qadağan edildiyini heç düşünmüsünüzmü? Hava gəmilərində tətbiq edilən xüsusi qaydalar nə dərəcədə vacibdir və onların pozulması hansı hüquqi nəticələrə səbəb ola bilər?
 
 
Tanınmış hüquqşünas Yunis Xəlilov bu sualların cavabını Moderator.az-da cavalandırdı.
 
"Bu suallar təsadüfi deyil. Məlum olduğu kimi mütəxəssislərin fikrincə, hava nəqliyyatında ən kiçik qayda pozuntusu belə ciddi nəticələrə səbəb ola bilir. Bir sıra acınacaqlı hadisələr onu deməyə əsas verir ki, mobil telefon siqnalları ilə bağlı qayda pozuntuları uçuşun idarəetmə sistemlərinə təsir edərək fəlakətə gətirib çıxarmışdır. Məsələn, 2014-cü il ildə baş vermiş Malaysia Airlines Flight MH370 ilə bağlı müəmmalı yoxaçıxma hadisəsində araşdırmalar təyyarənin rabitə sisteminə kənar müdaxilə edilmiş olmasını ehtimal etməyə əsas vermişdir.
2017-ci ildə isə "AirAsia QZ8501" hadisəsi göstərdi ki, uçuş zamanı pilotun avtomatik idarəetmə sisteminə etdiyi müdaxilə, eləcə də rabitə problemləri səbəbindən təyyarə Java dənizinə düşmüşdür.
Bu fəlakətli hadisələr dünya ölkələrinin sözügedən sahədə daha sərt hüquqi qaydalar müəyyən etməsinə səbəb olmuşdur. Bəzi dövlətlərdə hətta hava gəmisində qaydaların pozulmasına görə cərimədən əlavə azadlıqdan məhrum etmə kimi sərt cəza da nəzərdə tutulur. ABŞ-da Federal "Aviation Administration"in qaydalarına görə uçuş zamanı pilotun göstərişinə zidd olaraq  elektron cihazlardan istifadə edən sərnişinlər 25,000 dollara qədər cərimə edilə bilər. Hətta ölkədə 2013-cü ildə bir sərnişin mobil telefonunu söndürməkdən imtina etdiyi üçün uçuş təxirə belə salınmışdı.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) müəyyən cihazlardan istifadəni yalnız xüsusi rejimdə icazəli sayır. Məsələn, pilot kabinəsinə yaxın ərazilərdə elektron avadanlıqlardan istifadə siqnallara mane ola bilər.
Çində də hava gəmisində telefon və elektron cihazların uçuş rejiminə keçməməsi ilə bağlı sərt qaydalar var. 2015-ci ildə Çendu şəhərində bir sərnişin uçuş zamanı telefonla danışdığı üçün həbs edilmişdi.
 
Azərbaycan Respublikasının qanunvericiliyinə gəlincə, qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 298.2-ci maddəsinə görə hava gəmisində kompüter, foto və videoçəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən  qanunsuz istifadə edilməsi 100 manat məbləğində cərimə ilə nəticələnir. Lakin bu cərimə yalnız hüquqi məsuliyyətin bir hissəsidir. Belə ki, qaydalara əməl etməməklə insan həyatı təhlükəyə atılarsa, belə əməllər cinayət məsuliyyətinə belə səbəb ola bilər.
 
Göründüyü kimi hava gəmilərində elektron qurğuların istifadəsi ilə bağlı qaydalar təsadüfi deyil. Onların pozulması təkcə hüquqi məsuliyyət doğurmur, həm də insanların həyatını təhlükəyə atır. Sadə bir qayda pozuntusu bütün sərnişinlərin həyatına bais ola bilər.
 
Şəxsən bir hüquqşunas kimi düşünürəm ki, bu mövzuda sərnişinlərin daha çox maarifləndirilməsi üçün HAVA LiMANLARINDA və UÇUŞ ZAMANI BU QAYDALARA RİAYƏT OLUNMAMASININ DOĞURDUĞU ACINACAQLI NƏTİCƏLƏRƏ DAiR TƏSİRLİ MƏLUMATLARIN SAYININ DAHA DA ARTIRILMASI vacibdir. Həmçinin, 
insanların fərdi məsuliyyət hissini gücləndirmək üçün sosial kampaniyalar həyata keçirilməlidir.
Unutmaq olmaz ki, kiçik bir səhv yüzlərlə insanın həyatına təsir edə bilər!".
Избранный
14
1
moderator.az

2Источники