RU

Qlobal Bakı Forumu mühüm beynəlxalq dialoq platforması kimi

13-15 mart 2025-ci il tarixlərində keçirilən XII Qlobal Bakı Forumu beynəlxalq münasibətlər sistemində yeni geosiyasi çağırışlar fonunda strateji əhəmiyyət daşıyan platforma kimi dünya miqyasında diqqət mərkəzinə çevrildi. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunmuş Forumda Prezident İlham Əliyevin çıxışı həm qlobal trendlərin analizi, həm də regional reallıqların əsaslandırılmış şəkildə təqdimatı baxımından xüsusi əhəmiyyətə malikdir.

Son illərdə beynəlxalq siyasətdə artan qeyri-müəyyənlik və çoxtərəfli mexanizmlərin zəifləməsi fonunda Qlobal Bakı Forumu alternativ və çevik dialoq mühiti yaratmaqla mühüm intellektual və siyasi platforma kimi böyük önəm daşıyır. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Forum qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib.

Dövlət başçısı çıxışı zamanı həm ölkəmiz, həm regionumuz, həm də bütövlükdə Avrasiya geosiyasi məkanı üçün böyük önəm və aktuallıq kəsb edən məsələlərə diqqəti cəlb etdi. Eyni zamanda, Forumda aparılan müzakirələr Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin layiqli və məsuliyyətli üzvü kimi praqmatik siyasəti və qətiyyətli mövqeyinə bir daha işıq saldı.

Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına sədrliyi, xüsusilə pandemiya dövründə üzv dövlətlərə göstərilən yardım və təşəbbüskar mövqeyi qlobal həmrəylik və məsuliyyətli liderlik nümunəsi kimi yüksək dəyərləndirilir. Bu mərhələ yalnız siyasi təmsilçilik deyil, eyni zamanda, real dəstək mexanizmlərinin işə salındığı mühüm prosesi özündə ehtiva edirdi. Eyni zamanda, Azərbaycanın xarici siyasətində çoxvektorlu yanaşma – Qlobal Cənubla həmrəyliyin dərinləşdirilməsi ilə yanaşı, Avropa İttifaqı və digər aktorlarla əməkdaşlığın inkişaf etdirilməsi milli maraqların məharətlə təmin edildiyini göstərir.

Prezident İlham Əliyevin çıxışında COP29 tədbirinin nəticələri xüsusi yer tutdu. Dövlət başçısının qeyd etdiyi kimi: “Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq”.

Paris Sazişinin 6-cı maddəsi üzrə konsensusun əldə edilməsi və karbon bazarının praktik mexanizmə çevrilməsi “Bakı sıçrayışı” anlayışının formalaşmasına zəmin yaratdı. Bu hadisə iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və mexanizmlərin effektivliyinin artırılmasında mühüm addım kimi qiymətləndirilə bilər. Bərpaolunan enerji sektoruna yönələn investisiya həcminin 300 milyard dollara çatdırılması isə sadəcə iqtisadi məsələ deyil, həm də dövlətin “yaşıl enerji” keçidinə verdiyi önəm və töhfənin göstəricisidir.

Azərbaycan Prezidentinin çıxışında Ermənistanın uzunmüddətli işğal siyasətinin nəticələri də geniş şəkildə diqqətə çatdırıldı. Mədəni və dini irsə qarşı həyata keçirilmiş sistematik vandalizm aktları beynəlxalq ictimaiyyət üçün ciddi siqnaldır. Xocalı faciəsi ilə bağlı dövlət başçısının mesajları tarixi ədalətin bərpası baxımından böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, Prezident İlham Əliyevin gələcəyə dair perspektivini aydın şəkildə ifadə edərək bildirdi ki, Cənubi Qafqazda sülhə nail olmalıyıq: “Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıbdır”.

Dövlət başçısının çıxışında yer alan əsas mesajlardan biri də ədalətin bəzən yalnız güc vasitəsilə təmin oluna bilməsi fikri idi. BMT Təhlükəsizlik Şurasının uzun müddət icrasız – kağız üzərində qalan qətnamələrinin reallaşdırılması yalnız milli güc potensialı və siyasi iradə sayəsində mümkün oldu. Bu yanaşma yeni təhlükəsizlik arxitekturasında milli imkanların və regional aktorların rolunun artdığını göstərir.

XII Qlobal Bakı Forumu yalnız cari reallıqların müzakirəsi üçün tribuna deyil, gələcək geosiyasi düzənin əsas istiqamətlərini müəyyən edən fikir və təşəbbüslərin mənbəyi kimi mühüm rol oynayır. Bir daha vurğulandı ki, çağırışların fürsətə çevrilməsi yalnız güclü iradə ilə mümkün olur. Bu baxımdan, Bakı artıq təkcə coğrafi məkan deyil, həm də qlobal geosiyasi baxışların formalaşdığı siyasi-intellektual mərkəzə çevrilmişdir.

Heydər Əsədov,
​Milli Məclisin deputatı

Избранный
16
ikisahil.az

1Источники