RU

Azərbaycan xalqının mifologiyasında yaradılış mifi torpaqla tamamlanır

Bakı, 18 mart, AZƏRTAC

Xalqımızın qədim zamanlardan bu günə qədər qorunub qalmış mövsüm mərasimləri içərisində baharı qarşılamq üçün keçirilən İlaxır çərşənbələrin xüsusi yeri vardır. İlaxır çərşənbələr Novruz bayramına bir ay qalmış başlanır və hər çərşənbə axşamında dünyanın yaradılmasında iştirak edən dörd ünsürdən biri simvolik olaraq qeyd edilir. Azərbaycan xalqının mifologiyasında yaradılış mifi torpaqla tamamlanır. Su, istilik və havadan sonra torpaq yaranır. Torpaq yaradılışın ilk dörd təməl ünsürü içərisində sonuncu yeri tutur. İlaxır çərşənbənin sonuncusunun torpaq çərşənbəsi adlandırılması xalqın mifologiyasına əsaslanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil deyib.

Alim bildirib ki, bu çərşənbə “İlaxır çərşənbə”, “Beçə çərşənbəsi” “Çərşənbeyi - suri” kimi müxtəlif bölgələrdə müxtəlif adlarla adlandırılıb. Fars dilli şəraitdə yaşayan Güney Azərbaycan əhalisi də bu çərşənbəyə “İlaxır çərşənbə” və ya “Çərşənbeyi-suri” demişdir.

İlaxır çərşənbə Azərbaycanın qərb bölgələrində xüsusi təntənə ilə qeyd olunub. Novruz bayramı ilə bərabər səviyyədə qeyd olunan İlaxır çərşənbənin adətləri bu gün də yaşamaqdadır.

“Axır çərşənbə gününün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna quran oxunar, dua edilər. Azərbaycan türklərində bir adət də budur ki, həmin çərşənbə axşamında od üstündən yeddi dəfə o yan–bu yana atılar, bununla da adamlar köhnə ilin azar- bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.

İlaxır çərşənbənin aktiv olduğu bölgələrimizdən bir sıra adətlər həmin gün bayram axşamlarında icra edilir. İlaxır çərşənbə axşamında tonqal qalanır, tonqal üzərindən atlanılır, bayram süfrəsi açılır. Bayram axşamı bir sıra fallar icra edilir”,-deyə Ağaverdi Xəlil söyləyib.

İlaxır çərşənbə ilə bağlı inanclara, fallara toxunan AMEA Folklor İnstitutunun şöbə müdiri bildirib ki, axır çərşənbə günü axşam çağları qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər.

Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulumuş yumurtanın axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa yumurtanın üstünə qırımızı, baş tutmayacaqsa qara xətt çəkilər – deyərlər. Bu falın odda icra edilən variantı da vardır.

Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar əgər iynələr ya¬xın¬laşarsa, ürəyində niyət tutan adam tezliklə öz niyyətinə çatacağını söyləyirlər.

Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər – deyərlər.

Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq adam sənə su verər – deyərlər.

Alim torpaqla bağlı atalar sözlərinin də çox olduğunu söyləyib: Torpaq deyər: öldür məni, dirildim səni! Torpaq deyər: sən mənə tər ver, mən sənə zər verim! Torpağa əyilən namərdə əyilməz.

Beləliklə, xalqımız ilaxır çərşənbəni bayram etmiş, həmin günü mübarək saymış və bir sıra adətləri həmin gün icra etmişdir. Bu adətlərin bir çoxu müxtəlif bölgələrimizdə qorunub qalmışdır.

İlaxır çərşənbəmiz mübarək olsun! Süfrəmiz ruzi-bərəkətli, arzu-niyyətləriniz çin olsun!

Избранный
66
azertag.az

1Источники