RU

Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb

Füzuli, 18 mart, Aydın Yavərzadə, AZƏRTAC

Uzun illər düşmən tapdağı altında qalan və Müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində işğaldan azad edilən yurd yerlərimizdə artıq baharın qədəmi öz doğma sakinləri tərəfindən qarşılanır. Füzuli sakinləri də Novruzun gəlişini öz yurdlarında böyük coşqu ilə qarşılayıb, Torpaq çərşənbəsində bir araya gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər mərkəzində yerləşən parkda keçirilən bayram şənliyində Füzuli sakinləri ilə bərabər, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanı əməkdaşları iştirak ediblər.

Şəhər mərkəzində sərgilənən yarmarkada Füzuli sakinlərinin hazırladıqları əl işləri və mətbəx nümunələri sərgilənib. Hər bir ailəyə ruzi-bərəkət, sevinc arzulanıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında parlaq Qələbəyə nail olan ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edilib və Novruzun gəlişi azad olunan torpaqlarımızda ruh yüksəkliyi ilə qeyd olunur.

Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib. Bir-birindən şən mahnılar səsləndirilib. Musiqi sədaları altında Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin rəqs ansamblı ilə birlikdə bayram iştirakçıları rəqsə qoşulub. Həmçinin İlaxır çərşənbə olan Torpaq çərşənbəsinin tonqalı alovlandırılıb, ətrafında yallı rəqsi oynayıblar.

 

Избранный
48
3
azertag.az

10Источники