RU

QMİ-dən həcc ziyarətinə getmək istəyən vətəndaşlara MÜRACİƏT

Həccə sənədlərin qəbulu Novruz və Ramazan bayramı günlərində də davam edəcək.

Milli.Az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri vətəndaşlara müraciət edib.

O bildirib ki, martın 24-29-da QMİ və qurumun əməkdaşlıq etdiyi bank işləyəcək:

"Ona görə vaxtın azlığını nəzərə alaraq, həccə niyyəti olan vətəndaşlardan sənədlərini təqdim etmələrini xahiş edirik.

25, 26, 27, 28 mart 2025-ci il tarixlərində qeyd edilən saatlarda qeyd edilən Azərbaycan Beynəlxalq Bankının (ABB) filial və şöbələrinə yaxınlaşaraq xidmətlərdən istifadə edə bilərsiniz.

Bakı-Abşeron üzrə: Sumqayıt şəhəri, Bakının Binəqədi, Yasamal, Sabunçu, Nizami rayonları, Əhmədli qəsəbəsi, metronun "Memar Əcəmi" stansiyası ərazisindəki bank filialları, ASAN 1, ASAN 2, ASAN 3, ASAN 5 və ASAN 6 mərkəzləri saat 10:00-17:00 arası sənədləri qəbul edəcək.

Bakı-Abşeron üzrə: Mərdəkan qəsəbəsi, Suraxanı rayonu, Yeni Sumqayıt yaşayış massivi, Bakının Nərimanov, Səbail, Nəsimi, Xətai rayonları, metronun "Gənclik" stansiyası, Şərifzadə küç., Xırdalan şəhərində sənəd qəbulu saat 10:00-dan 14:00-dək ABB filiallarında aparılacaq.

Regionlara gəldikdə isə: Gəncə, Şəki, Lənkəran, Şəmkir, Naxçıvan, Tovuz, Mingəçevir, Gəncə Mərkəz və İmişlidəki ABB filiallarında həccə sənəd qəbulu həyata keçiriləcək".

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlinədək davam edəcək.

Azərbaycanlı zəvvarların həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Milli.Az

Избранный
39
29
milli.az

10Источники