AZ

"Ukraynada "sülh düsturu" üzrə sammit iyunda İsveçrədə keçiriləcək" - "Bloomberg"

 
"Ukraynanın müttəfiqləri Pekinin Moskvaya təsirini nəzərə alaraq Çinin sammitdə iştirakını vacib hesab edir..."
 
"İkinci sammitdə elə vəziyyət yarana bilər ki, biz Rusiya nümayəndələrini dəvət edəcəyik..."
 
İsveçrə iyun ayının ortalarında Ukraynada "sülh düsturu" üzrə sammit keçirməyi planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Sammitdə 80-100 ölkənin iştirak edəcəyi güman edilir. İlkin məlumata görə, sammit 16-17 iyunda baş tuta bilər.
 
Qeyd edilir ki, mübahisə doğuran əsas məsələ Çinin Ukraynada sülh danışıqlarında iştirak edib-etməməsidir. Bu, İsveçrə üçün etimad doğuracaq təşəbbüsdə həlledici əhəmiyyətə malikdir.
 
"Ukraynanın müttəfiqləri Pekinin Moskvaya təsirini nəzərə alaraq Çinin iştirakını vacib hesab edir", - məqalədə deyilir.
 
İsveçrə XİN nümayəndəsi məlumat verib ki, konfransın keçiriləcəyi tarix və yer hələlik müəyyən edilməyib: "Ukrayna, Rusiya və Avropanın perspektivlərindən savayı, Rusiyanın sonucda bu prosesə qoşulmasında həlledici əhəmiyyətə malik olacaq Qlobal Cənubu da dinləmək lazımdır. Məhz buna görə də biz Çin, Hindistan, Braziliya, Cənubi Afrika və Səudiyyə Ərəbistanı ilə sıx təmasdayıq".
 
Qeyd edilir ki, Pekin indiyədək bu sammitin əsasını qoymaq üçün yalnız milli təhlükəsizlik üzrə müşavirlərin bir görüşündə iştirak edib.
 
Həmçinin qeyd edilir ki, bir neçə ölkə Rusiyanın iştirakına təkid edir, lakin Kiyev Moskva ilə qarşılıqlı əlaqədə olmaqdan öncə əvvəlcə "sülh düsturu"nun əsas prinsipləri üzrə geniş sazişə nail olmaq istəyir.
 
"Sülh düsturu" üzrə sammit - Rusiyanın iştirakı ilə bağlı hansı məlumatlar verilib?
 
Xatırladaq ki, Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bəyan edib ki, "sülh düsturu"na aid İsveçrə sammitinə 160-dan çox ölkənin dəvəti planlaşdırılır. O, ikinci belə sammitdə Rusiyanın iştirakını istisna etməyib.
 
"Birinci görüşdən sonra bərpa məsələlərini, habelə bu müharibənin yaratdığı böhranların qarşısının alınmasını nəzərdən keçirəcək məsul dünya ölkələrinin birgə planının hazırlanması üçün müəyyən zaman lazımdır. 
 
Bu plan masa altında hər hansı vasitəçilər olmadan, açıq şəkildə və bizimlə bu yolu keçəcək bütün ölkələrin iştirakı ilə yaradılacaq, ikinci sammitdə elə vəziyyət yarana bilər ki, biz Rusiya Federasiyası nümayəndələrini dəvət edəcəyik.
Seçilən
211
43
Mənbələr
Şərh ()
Bağla