AZ

İsrail-İran münaqişəsi: Neft bazarı Yaxın Şərqdəki gərginliyə reaksiya verirmi?

Xəbər verdiyimiz kimi Yaxın Şərqdə vəziyyət gərginləşib. İran Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq, aprelin 14-nə keçən gecə İsrailə qarşı 30 qanadlı raket və 170 pilotsuz uçan aparat atıb. ABŞ prezidenti Co Bayden bildirib ki, İsrail ordusu Amerika hərbçilərinin dəstəyi ilə gələn mərmilərin demək olar ki, hamısını vurmağa nail olub.Bu gün İsrailin hərbi kabineti İranın raket və pilotsuz təyyarə hücumuna cavabını müzakirə etmək üçün toplaşıb. İsrailin hərbi qərargah rəisi hücumun cavabsız qalmayacağını bildirib.
Bəs, Yaxın Şərqdəki gərginlik enerji bazarına necə təsir edəcək? Neftin dünya bazarında kəskin qiymət artımına səbəb ola bilərmi?

Bununla bağlı AzVision.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, İsrail -İran gərginliyi enerji bazarına təsirsiz ötüşməyəcək, amma bu, münaqişənin davam etdiyi müddətdən asılı olacaq.

"Hələlik ilkin olaraq deyə bilərəm ki, tərəflər genişmiqyaslı müharibə anaonsu vermirlər. Buna görə dünya və neft bazarına xüsusi təsirlər yoxdur. Bu kontekstdə neftin dünya bazarında kəskin qiymət artımını müşahidə etmirik.

Ümumilikdə isə Yaxın Şərqdə baş verənlər neft bazarına artıq təsir göstərib. Çünki "Brent" markalı neftin 1 barelinin qiyməti 90 dollardan baha təklif olunur. Bu da ondan xəbər verir ki, neft bazarı Yaxın Şərqdəki gərginliyə praktik olaraq reaksiya verib.

Lakin münaqişə yenidən alovlanarsa, İran müharibəyə cəlb olunarsa, bu, sözsüz neftin dünya bazarında kəskin qiymət artımına səbəb olacaq. Xüsusən də beynəlxalq yükdaşımalarla bağlı problemin dərinləşməsinə gətirib çıxaracaq".

V. Bayramovun sözlərinə görə İsrail-İran münaqişəsi Orta Dəhlizə marağı artıra bilər:

"Müharibə qızışarsa, bu, neft ölkələrinin neft satışından daha çox gəlir əldə etməsinə səbəb olacaq. Münaqişə və digər konfliktlər kontekstində Azərbaycanın da dəstək olduğu Orta Dəhlizə marağın artması müşahidə olunur.

Eyni zamanda Azərbaycan və ümumilikdə bizim yerləşdiyimiz region növbəti dövrlərdə geosiyasi baxımdan prioritet bölgə olacaq. Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların miqyası artacaq".

Şahanə Rəhimli
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
10
azvision.az

10Mənbələr