AZ

Qazaxın 4 kəndinin sülh yolu ilə geri qaytarılması Qərbin siyasi, strateji məğlubiyyətidir

Məlum olduğu kimi, Qazaxın 4 kəndinin danışıqlar yolu ilə Azərbaycana qaytarılması bütün dünyada Prezident İlham Əliyevin tarixi nailiyyəti kimi qiymətləndirilməkdədir. Doğrudan da, dünya tarixində 30 ildən çox işğal altında qalan ərazilərin bir güllə belə atılmadan azad edilməsi ilə bağlı nümunə yox sayılacaq qədər azdır. Lakin Azərbaycan dövlətinin, onun prezidentinin əldə etdiyi bu uğurun önəmini artıran sadəcə bu deyil.

 

Qazaxın 4 kəndinin yenidən Azərbaycana  qaytarılmasını önəmli edən daha bir amil, bu uğurun ermənipərəst Qərbin İrəvana hərbi-siyasi dəstək verdiyi bir zamanda gerçəkləşməsidir.

 

Başda Fransa olmaqla bir sıra Qərb dairələrinin Ermənistanı silahlandırdığı, onu yenidən Azərbaycanla müharibəyə təşviq etdiyi bir zamanda rəsmi Bakının bu məsələdə İrəvanla razılıq əldə etməsi Qəbin siyasi, strateji məğlubiyyəti deməkdir.

 

Prezidentimiz bu tarixi zəfərlə ermənipərəst qüvvələrin antiAzərbaycan siyasətinin ölümə məhkum olduğunu, heç vaxt səmərə verməyəcəyini sübut etmiş oldu. Prezident İlham Əliyev bununla göstərdi ki, Cənubi Qafqaz regionunda söz sahibi olan əsas güc Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, regionun gələcəyini yalnız bu güc müəyyən edəcək.

 

4 kəndin sülh yolu ilə geri qaytarılması həm də Fransa, Hindistan, İran kimi dövlətlərin Ermənistana verdiyi raket sistemlərini, silah-sursatı, zirehli texnikaları region üçün gərəksiz yükə, adi dəmir parçasına çevirdi. Bu siyasi razılıq nəticəsində bəlli oldu ki, İrəvan Qərbin bütün təzyiqlərinə, erməni ordusunun təmas xəttində törətdiyi bütün təxribatlara  rəğmən Azərbaycanla yeni və irimiqayaslı qarşıdurmaya getmək niyyətində deyil. Görünür, İrəvan yaxşı başa düşür ki, belə bir qarşıdurma Ermənistana daha ağır məğlubiyyətdən başqa heç nə vəd etmir.

 

Artıq əminliklə demək olar ki, 4 kəndlə bağlı əldə edilən razılaşmadan sonra Qərbdəki ermənipərəst qüvvələr rəsmi İrəvana daha ciddi təzyiq göstərməyə çalışacaqlar. Ancaq Qərb, xüsusilə də ermənipərəst Fransa bilməlidir ki, təzyiq və təxribatlarla Azərbaycanın uğrularının qarşısını almaq, onu hərbi-siyasi məğlubiyyətə uğratmaq mümkün olmayacaq. Azərbaycanın zəfəri mütləq və qaçınılmazdır! Dövlətimizin qələbələri fonunda Qərbin “qazancı” itirilən milyonlar, nəhəng siyasi-diplomatik güc və zaman olacaq.

 

Seymur ƏLİYEV

 

Seçilən
192
50
Mənbələr
Şərh ()
Bağla