AZ

Kiyevdə 1913-cü ildə azərbaycanlı tələbələrin gizli yığıncağına həsr olunmuş tədbir keçirilib

Kiyev, 22 aprel, AZƏRTAC

Kiyevdə “Sarsılmazlıq yurdu” mədəni məkanında 1913-cü il aprelin 17-də Ukrayna-Azərbaycan münasibətləri tarixində baş vermiş mühüm hadisəyə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bu, azərbaycanlı tələbələrin təşəbbüsü ilə Kiyevdə baş tutan müsəlman tələbələrin gizli yığıncağı olub.

Bu yığıncağın məqsədi bütün ölkənin müsəlman tələbələrinin qurultayının keçirilməsi, eləcə də türk xalqlarının fəaliyyətinin modernləşdirilməsində iştirak etmək üçün müsəlman tələbələr təşkilatının yaradılması idi. Planlaşdırılırdı ki, o, bütün Rusiya imperiyasının müsəlman tələbə təşkilatlarının fəaliyyətinə rəhbərlik edəcək və əlaqələndirəcək. Öz strukturlarını yaradacaq, qəzetini nəşr etdirəcək, mədəni-maarif tədbirləri keçirəcək, tətil zamanı tələbələrin işini təşkil edəcək, din və milli məsələlərlə bağlı öz siyasətini həyata keçirəcək.

Tədbirin moderatoru, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Qonçaruk tələbələrin gizli yığıncağının Ukrayna-Türk dialoqunun inkişafındakı əhəmiyyətindən danışıb.

Ukraynanın xalq deputatı, "Sarsılmazlıq yurdu" layihəsinin və Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Sergey Nagornyak açılış nitqində Ukrayna-Azərbaycan münasibətlərinin qədim mənşəyə və ənənəyə sahib olduğunu qeyd edib.

"Ötən əsrin əvvəllərində bir çox istedadlı azərbaycanlı Kiyev, Xarkov, Odessa və digər şəhərlərin universitetlərində təhsil almağa gəlib, onların bir çoxu sonradan Azərbaycan tarixində görkəmli şəxsiyyətlərə çevrilib, onların arasında Sona xanım Axundova, Yusif Vəzir Çəmənzəminli, Cəlil Sadıxov. Onlar Ukraynanın ictimai-siyasi həyatında, demokratik və milli hərəkatda, akademik hüquqlar uğrunda mübarizədə iştirak edirdilər. Onlar parlaq şəxsiyyətlər, fəxr edə biləcəyimiz Ukrayna-Azərbaycan dialoqunun iştirakçıları idilər", - deyə Sergey Nagornyak bildirib.

Tədbirdə çıxış edən tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Oleq Kupçik azərbaycanlı tələbələrin təhsil aldığı Kiyev təhsil müəssisələri arasında müqəddəs Vladimir Universiteti, Kiyev Ticarət İnstitutu, Kiyev Politexnik İnstitutu, Kiyev Ali Qadın Kurslarının olduğunu bildirib.

Onların ictimai fəaliyyətindən danışan azərbaycanlı tələbələrin 1911-ci ildə "Zaqafqaziya həmyerlilər birliyi" və 1911-1912-ci illərdə fəaliyyət göstərən "Müqəddəs Vladimir Universitetinin müsəlman tələbələrinə qarşılıqlı yardım cəmiyyəti" kimi təşkilatlar qurduqlarını qeyd edib.

1912-ci ilin sonunda Kiyev şəhərinin azərbaycanlı tələbələri şəhərdə gizli tələbə yığıncağını keçirməyə başladılar. Təşkilat Komitəsinə Vladimir Universitetinin Tibb fakültəsinin tələbəsi Əbülfət Talışinski rəhbərlik edirdi. Yığıncaqda iştirak etmək üçün 1913-cü il aprelin ortalarında Xarkov, Novorossiysk, Sankt-Peterburq, Moskva, Kazan müsəlman tələbə təşkilatlarının nümayəndələri Kiyevə gəldilər.

1913-cü il aprelin 17-də açılışdan az sonra tələbə yığıncağı polis və Kiyev mühafizə bölməsinin əməkdaşları tərəfindən dayandırıldı. Tələbələr həbs edildi və bir neçə ay Lukyanovskaya həbsxanasında qaldılar; onlar universitetlərdən xaric edildilər. Çar hakimiyyəti bu yığıncağı bir müddət əvvəl “Gənc türk inqilabı”nın baş verdiyi qonşu Türkiyədən yayılan təhlükəli “panislamizm” və “pantürkizm” fenomenlərinin təzahürü kimi qiymətləndirdi.

“İndi tarixçilər müsəlman tələbələrin XX əsrin əvvəllərində Ümumrusiya Müsəlman Tələbələr Təşkilatını yaratmaq cəhdini türk xalqlarının həyat və fəaliyyətində islahatlar və müasirləşmədə iştirak etmək istəyi kimi qiymətləndirirlər. Maraqlıdır ki, təşəbbüs Kiyev şəhərinin azərbaycanlı tələbələrinə məxsus olub”, - deyə Oleq Kupçik bildirib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Taras Şevçenko adına Kiyev Milli Universitetinin, V.İ.Vernadski adına Tavriçeski Milli Universitetinin, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin, Kiyev Milli Linqvistik Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
13
Mənbələr
Şərh ()
Bağla