AZ

Rəşad Sadıqov: “Finalda da qalib gəlmək istəyirik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinalında “Qəbələ”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xatırladır ki, doğma meydanda 2:1 hesabıyla qalib gəlmiş “Zirə” səfərdə də 2:0 hesabı ilə üstün olub və finala yüksəlib.

Matçdan sonra keçirilən mətbuat konfransında “qartallar”ın çalışdırıcısı bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Maksimum konsentrasiya olmağa çalışdıq. Çünki bu tip oyunlarda ən vacibi oyuna köklənməkdir. İlk dəqiqələrdən futbolçularımda böyük diqqət və intizamı hiss edirdim. Yaxşı da başladıq. Pressinq tətbiq etməyə, rəqibə hücum qurmaqda problem yaratmağa çalışırdıq. Müəyyən səviyyədə alınırdı, hardasa da rəqib pressinqdən çıxırdı. İkinci yarıda hücum xəttinə daha gümrah oyunçuları əlavə edib, nəticəni öz xeyrimizə çevirmək istəyirdik. Şükür Allaha, alındı. Vladislav Kulaç gözəl zərbə vurdu, Rafael Utziq də baxımlı qola imza atdı. Bu da bizi sevindirir. Çox güc sərf etdik. Dörd gündən sonra bizi mövsümün bəlkə də ən vacib oyunu gözləyir. Kubok matçını tez unudaraq çempionat görüşünə köklənməyə məcburuq”.

Rəşad Sadıqov kuboku qazanmaq şanslarından da söz açıb: “Hər bir komanda mövsümü titulla başa vurmaq istəyir. Biz də mövsümü titulla başa vurmaq istəyirik. Çünki finala qədər ağır yol keçdik. Yeganə komandayıq ki, 1/8 final, 1/4 final və yarımfinalda yüksək liqa klubu üzərində qələbə qazanmalı olduq. İstəyirik ki, finalda da qazanan tərəf biz olaq. Rəqibimiz bu gün məlum olacaq. İndi final haqda düşünmək düzgün olmazdı. Dörd gündən vacib oyunumuz var. Kuboku kənara qoyub, çempionat barədə düşünəcəyik. Rəhbərliyin qarşımıza qoyduğu bir hədəf var: avrokuboklara düşmək! İstər kubok, istərsə də çempionat yolu ilə. Amma çempionat elə keçir ki, “Neftçi” üzərində qələbə qazanırsan, digər tərəfdən rəqiblər də üç xal əldə edir. Hansısa üstünlük yarada bilmirsən. Görünən odur ki, bizi çox gərgin sonluq gözləyir. Qarşıdakı oyunları fikirləşirik. Hansısa yanlış davranış bizə ciddi problem yarada bilər. Bir aya çempionatda beş oyun var. Onları düşünürük”.

“Vəziyyətimiz çox üzücüdür” – Sxadadze

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Ötən matçda olduğu kimi, yenə hər şey oyuna görə idi. Rəqib daha yaxşı oynadı və xarakter göstərdi. Onlar yüksəlişdədirlər və yaxşı formadadırlar. “Zirə”ni və belə komanda qurduğu üçün Rəşad Sadıqovu təbrik edirəm.

Təəssüf ki, öz vəziyyətimiz çox üzücüdür. Komanda sonuncu pillədədir, kubokda mübarizəni dayandırıb. Bütün suallara mövsüm bitdikdən, “Qəbələ”nin hansı liqada olacağı bilindikdən sonra aydınlıq gələcək. Hələ matçlarımız qalıb, futbolçular müqavilənin sonunadək oynamalıdırlar. Hesab edirəm ki, hər kəs işini maksimum görməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
11
Mənbələr
Şərh ()
Bağla