AZ

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Vəkillər

Bakı, 25 aprel, AZƏRTAC

“Bu gün ölkədə hüquq təhsilinin vəziyyəti bizi tam da qane etmir. Apardığımız müşahidələr və təhlillər onu göstərir ki, Hüquq fakültələrində təhsilin səviyyəsi ürəkaçan deyil”.

AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Kollegiya sədrinin fikrincə, bu sahədə dönüş olmalıdır: “Ölkədə fəaliyyət Hüquq fakültələrində elmi-pedaqoji heyət yenilənməlidir. Təcrübəli hüquqşünasların elmi-pedaqoji fəaliyyətlə məşğul olması üçün müəyyən motivasiya tədbirləri görülməlidir. Keyfiyyətli təhsil olmadan gələcəkdə hüquqşünas kadrların lazımi səviyyədə hazırlanması barədə danışa bilmərik”.

Sədr bildirib ki, ölkədə hüquqşünas kadrların sayının artırılmasına ehtiyac var: “Hüquqşünasların sayına görə Azərbaycan regionda xeyli geridədir. Qonşu ölkələrdə hüquqşünas məzunların sayı Azərbaycanla müqayisədə bir neçə dəfə çoxdur. Bu, Hüquq fakültələrinin sayının və ixtisas üzrə plan yerlərinin az olması ilə bağlıdır. Hesab edirəm ki, Hüquq fakültəsinə qəbul üçün plan yerlərinin sayı artırılmalıdır. Bakı ilə yanaşı bölgələrdə də Hüquq fakültələri yaradılmalıdır. Çünki bu gün yalnız Bakıda və Naxçıvan Dövlət Universitetində Hüquq fakültələri var. Respublikanın digər bölgələrindəki ali məktəblərdə Hüquq fakültəsi yoxdur. Yaxşı olar ki, Gəncə Dövlət Universitetində, Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universitetində, Sumqayıt Dövlət Universitetində də Hüquq fakültələri fəaliyyət göstərsin. Vəkillər Kollegiyası olaraq biz regionalarda keyfiyyətli hüquqşünas kadrların yetişdirilməsini arzulayırıq”.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla