AZ

Bakı forumunda verilən mühüm mesajlar

Pərvanə SULTANOVA [email protected]


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çox mühüm məsələlərə toxundu, vacib mesajlar verdi. Dövlət başçısı Azərbaycanın bir sıra aktual mövzularda, xüsusilə Ermənistanla normallaşma prosesi, Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün göstərilən cəhdlər, Zəngəzur dəhlizi, region ölkələrinin potensialı, COP29-un yaradacağı imkanlar barədə danışıb. Prezidentin kifayət qədər ətraflı və açıq mesajları təkcə regionda deyil, beynəlxalq müstəvidə də diqqət mərkəzindədir.

Dövlət başçısı bildirib ki, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür, hətta sazişin layihəsi hazır ola bilər: “Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır”.

Prezidentin toxunduğu əsas məsələlərdən biri də bəzi dövlətlərin Azərbaycana qarşı soyuq müharibəyə başlaması ilə bağlı idi: “Bu gün bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük”.

Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik.

Azərbaycanın bu gün əldə etdiyi ardıcıl uğurları, siyasi və diplomatik qələbələri bütün dünyada izlənilir, eyni zamanda bunun səbəbləri də araşdırılır. Həmin səbəbləri açıqlayan Prezident deyib: “Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır”.

Zəngəzur dəhlizi ilə bağlı danışan dövlət başçısı vurğulayıb ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur: “Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanmışdır. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur. Belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyusedicidir”.

Prezidentin nitqində maraq kəsb edən məqamlardan biri də qardaş Türkiyə ilə bağlı fikirləri oldu: “Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

Qeyd olunub ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir.

Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı “525”ə bildirib ki, bu cür forumların keçirilməsi çox mühüm beynəlxalq əhəmiyyət kəsb edir. Azərbaycanın mövqeyi, bir çox vacib mövzulara baxışı dünyanın tanınmış araşdırma mərkəzləri tərəfindən dinlənilir. Deputat bildirib ki, dövlətimizin mövqeyi bütün beynəlxalq hüquq normalarına uyğundur: “Azərbaycanın mövqeyi, eyni zamanda sülhün, əməkdaşlığın, tərəfdaşlığın bölgəmizdə bərqərar olmasına xidmət edir. Ona görə də düşünürəm ki, dövlət başçısının forumdakı açıqlamaları çox mühüm idi və əslində bütün həqiqətlər bir daha çatdırıldı”.



A.Mollazadə deyib ki, bəzi dairələrin Azərbaycana qarşı qərəzli yanaşmasına, təzyiq göstərmək cəhdlərinə baxmayaraq, ölkəmiz öz mövqeyində qalır: “Azərbaycana qarşı olan hücumlar radikal erməni diasporunun fəaliyyəti ilə bağlıdır və çox təəssüf ki, bir sıra ölkələrdə məhz siyasi korrupsiya seçki zamanı özünü büruzə verir və bu, Azərbaycana qarşı həm soyuq müharibə, həm də eyni zamanda mən deyədim ki, bir növ səlib yürüşünün təşkil edilməsidir”.

Zəngəzur dəhlizi ilə bağlı mövzuya toxunan A.Mollazadə deyib ki, bu, bir sıra ölkələr üçün çox mühüm olan yoldur. Azərbaycan bu istiqamətdə öz tərəfdaşları ilə, bu nəqliyyat sistemini formalaşdıran ölkələrlə birgə fəaliyyət göstərib, dəhlizin açılmasına nail olmağa çalışacaq: “Əminəm ki, bunun qarşısını heç kim ala bilməz. Çünki bu yolda maraqlı olan ölkələrin, qitələrin onun açılmasında istəyi çox yüksəkdir”.

Deputat hesab edir ki, Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı səsləndirilən fikirlər dünyaya olan mesaj idi: “Azərbaycan və Türkiyə müttəfiqdir, qardaş ölkələrdir, bizim ortaq əməkdaşlığımız, layihələrimiz ətrafımızda digər tərəfdaşları da toplamağa imkan verir. Xatırlatmaq istərdim ki, Prezident parlamentdə andiçmə mərasimi zamanı bildirdi ki, bizim ailəmiz Türk dünyasıdır və biz bu ailə birgə yeni sistemi formalaşdırmağa yardım edirik”.

A.Mollzadə hesab etmir ki, Azərbaycana qarşı olan qüvvələr, xüsusilə də Ermənistanla aparılan prosesin qarşısını ala biləcəklər: “Çünki onların özlərinin vəziyyətləri çox pisdir və gedib öz işləri ilə məşğul olsunlar. Həm siyasi, həm iqtisadi durumları, eyni zamanda yenidən imperiya qurmaq istəkləri çox ciddi müqavimətlə qarşılaşır. Çox güman ki, belə bir siyasətin nəticəsində Afrikada, Orta Şərqdə, Sakit Okean bölgəsində qalan kaloniyalarını da itirəcəklər”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə deyib ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. ADA Universitetində dünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilə toplantıların keçirilməsi artıq ənənəyə çevrilib. 



Deputat bildirib ki, Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir: “Hazırda respublikamız COP29-un yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görür. Bu kontekstdə ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum böyük əhəmiyyət kəsb edir. Forumda çıxış edən Prezident İlham Əliyev də bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. Dövlətimizin başçısı vurğulayıb ki, biz Azərbaycanın COP29-a sədrliyinə həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq”.

Forumda dövlət başçısının müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandırdığını deyən millət vəkilinin sözlərinə görə, diqqət mərkəzində olan əsas məsələlərdən biri də Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır: “Dövlət başçısı qeyd etdi ki, Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

Cənab Prezident həmçinin vurğulayıb ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq: “Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik. Düşünürəm ki, COP29 əla fürsətdir”.

S.Fətəliyeva qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, o cümlədən, Qazaxın dörd kəndinin dinc yolla qaytarılması sülh üçün yaxşı imkan yaradır: “Prezident İlham Əliyevin dediyi kimi, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Ermənistan da sülh üçün iradə nümayiş etdirmələri, üçüncü qüvvələrin diktəsi ilə hərəkət etməməlidir”.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
Mənbələr
Şərh ()
Bağla