AZ

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndə heyəti Türkiyəyə səfər edib.

AZƏRTAC Dövlət Xidmətinə istinadla xəbər verir ki, səfər çərçivəsində heyət Gəbzə şəhərində yerləşən Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) olub.

Görüş zamanı TUBİTAK UME-də mövcud və AzMİ-də yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib, laboratoriyaların avadanlıqlarının spesifik xüsusiyyətləri, həmçinin onların ölkəmizə gətirilməsi, idxalı zamanı öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib. Bundan əlavə, tərəflər keyfiyyət infrastrukturu sahəsində əməkdaşlıq, laboratoriyalarda təlimdə iştirak edəcək əməkdaşların təlim qrafiki və digər mövzulara dair fikir mübadiləsi həyata keçiriblər.

Bildirilib ki, ilkin mərhələ olaraq cari il ərzində AzMİ-nin balansında Türkiyənin qabaqcıl təcrübəsi nəzərə alınmaqla, 12 yeni etalon laboratoriyasının yaradılması nəzərdə tutulub. Həmin laboratoriyalar nəmlik, həcm, tibb, dalğa uzunluğu, həndəsi, müqavimət, elektromaqnetik, radiodalğa, qüvvə, vaxt və tezlik, sərtlik və fotometriya sahələrini əhatə edəcək. Sözügedən laboratoriyaların qurulması ilə ölkədə ölçmələrin dəqiqliyinin təmin edilməsi sahələri genişləndiriləcək. Qeyd edək ki, AzMİ ilə TÜBİTAK UME arasında həyata keçirilən layihənin ikinci mərhələsi zamanı isə daha 15 yeni etalon laboratoriyasının yaradılması planlaşdırılır.

Xatırladaq ki, 2022-ci il sentyabrın 30-da AzMİ metrologiya sahəsinin təkmilləşdirilməsi və yeni ölçmə imkanlarının artırılması məqsədilə TÜBİTAK UME ilə Anlaşma Memorandumu imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla