AZ

ABŞ Qarabağda təhsil müəssisələrinin bərpasına dəstək göstərsin

Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığının inkişafı nəticəsində Qazaxıstan Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi, Özbəkistan isə məktəb açıb. Bu yaxınlarda olan anlaşmaya əsasən isə Qırğızıstan Respublikası Ağdamda orta məktəbin inşasına başlayıb.  

 

Türk dövlətlərinin Qarabağdakı təhsilin dirçəlməsinə olan maraqları Qarabağın gələcəyi üçün nə vəd edir?

 

Mövzu ilə əlaqədar Milli Məclisin deputatı Zahid Oruc AzEdu.az-a açıqlama verib.

 

Deputat bildirib ki, dövlətlərarası münasibətlər Qarabağın bərpasına, quruculuğuna yardım edir:

 

“Türk Dövlətləri Təşkilatına daxil olan qardaş ölkələrin belə qərarlar verməsi təqdirəlayiq hadisədir. Bu sülhə, əmin-amanlığa, oradakı gələcək məskunlaşmaya, o cümlədən, təhsil sferası ilə bağlı atılan addımlara töfhə verəcək. Mövcud proses dövlətlərarası münasibətləri dərinləşdirir, həmçinin, azad Qarabağın və digər işğaldan azad edilən torpaqlarımızın bərpasına, quruculuğuna yardım edir.

 

Ötən əsrin ortalarında, yəni İkinci Dünya müharibəsindən sonra Marşal planına əsasən ABŞ-nin 10 milyardlarla dollar vəsaiti Qərbi Almaniyanın, o cümlədən, Avropanın dağılmış hissəsini yenidən qurulmasına yönəlmişdi. İndi isə Azərbaycan öz dövləti gücünə quruculuq işləri və qayıdış planını həyata keçirir. Ölkə rəhbəri bunu dəfələrlə vurğulayır. Bu qətiyyən dost və qardaş köməyinin kiçik qiymətləndirilməsi deyil. Lakin düşünürəm ki, 150-200 milyon əhalisi olan, 1 trilyon 100 min dollarlıq ümumi daxili məhsula (ÜDM) malik türk dövlətləri, nəinki təkcə özləri tərəfindən, o cümlədən, İslam dünyasının, hətta milli-dini fərqlər qoymadan daha çox ölkələrin bu qayıdışa və quruculuğa töfhə verməsində aparıcı mövqe tuta, beynəlxalq donor konfranslarının keçirilməsinə dəstək verə bilərlər. Nəticə etibarı ilə sonrakı dövr böyük vəsaitlərin yaranmasına və onun məcburi köçkünlərimizin doğma torpaqlara qayıtmasına kömək edə bilər.

 

Londonda bu cür donor konfranslar keçirilib və bu cür beynəlxalq nümunələr mövcuddur. Biz onu nəzərə almalıyıq ki, həqiqətən də bu insanlıq adına töfhədir, nəinki Azərbaycan adlı ölkənin həyatına fayda vermək, bəşəri mənada müxtəlif ərazilər üzrə hansısa qlobal kampaniyalar, aksiyalar keçirilir. Bunlar xeyirxahlığın və humanizmin güclənməsinə xidmət edir. Bütün ictimaiyyət də görür ki, həqiqətən də bu ərazilər darma-dağın edilib. Hətta bunu ermənilər də etiraf edirlər. Başa düşülməlidir ki, ilk növbədə ermənilərin həyata keçirdiyi cinayət səbəbindən bu hallar baş verib. Onların təzminat ödəməkləri reallaşsaydı, bu məbləğ də Qarabağın  bərpasında rol oynayardı. Amma indiki halda bu gün Prezidentin protokolunda ayrılmaz hissəyə çevirilən ərazilərdə təhsilin bərpası üçün qardaş ölkələrin atdığı addımlar türk dövlətləri arasındakı bağı, əlaqəni, təməlləri möhkəmləndirir. Ancaq mən hesab edirəm ki, bu həm də ABŞ-yə aiddir. Birləşmiş ştatlar Qarabağda bir kəndin, qəsəbənin, təhsil müəssisələrinin bərpasına dəstək göstərsin. Mən bu barədə parlamentdə də bu fikri səsləndirmişdim. Düşünürəm ki, dini-etnik xətlərə baxmadan hər bir dövlətin töfhəsi ola bilər”.

 

“Açılmış məktəblərdə, eləcə də məktəblərin yerləşdiyi kəndlərdə həmin ölkələrin adlarının simvollaşması kimi addımlar da atıla bilər”,-deyə Z.Oruc qeyd edib:

 

“Azərbaycan dövləti bu addımlara dəyər verər. Bu hal insanların da yaddaşında qalar. Bu qardaşlıq Türkiyədə zəlzələ vaxtı böyük bir şəhərin Azərbaycan tərəfindən qurulmasında da özünü göstərdi. Təbii ki, buna heç bir tərəddüd mövqeyi olmadı. Ölkəmizin hər bir vətəndaşı bu addımı alqışladı. Qardaş ölkə hər zaman mənəvi-siyasi, maliyyə baxımından yanımızdadır. Ancaq gerçəklik ondan ibarətdir ki, Türk dövlətlərindən, İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrdən, Mərkəzi Asiya İttifaqından belə ciddi məsələlərdə yardımlar gözləyirik. Bu bizim ehtiyacımız olub-olmamağından yox, mühüm mənada işin bir hissəsinin xarici dövlətlərin üzərlərinə götürmələri baxımından dəyərlidir. Buraya minaların təmizlənməsi üçün texnoloji qurğuların verilməsindən tutmuş, digər tədbirlərə qədər daxildir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
45
Mənbələr
Şərh ()
Bağla