AZ

BMT TŞ-nin may ayı ərzindəki iş proqramı təqdim edilib

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik mayın 1-dən Maltadan Mozambik Respublikasına keçib.

"Report"un ABŞ bürosu xəbər verir ki, Mozambik Respublikasının BMT-dəki daimi nümayəndəsi Pedro Komissario Afonso təşkilatın Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə ay ərzindəki iş proqramını təqdim edib.

Səfir bildirib ki, mayda TŞ-də Yaxın Şərq, Yəmən, Sudan, Liviya və Ukraynada davam edən münaqişələrlə bağlı müzakirələr aparılacaq.

Daimi nümayəndə əlavə edib ki, TŞ-də artıq məcburi olaraq hər ay müzakirəyə çıxarılması müəyyən olunan silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi mövzusu da ayın iş proqramında yer alıb.

Onun sözlərinə görə Mozambikin TŞ-də rəhbərliyi ərzində Afrikada sülh və təhlükəsizlik məsələləri, eyni zamanda beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasında qadınların, gənclərin rolu mövzuları üzv ölkələr tərəfindən müzakirə olunacaq: "Bəzi problemlərin həlli təəssüf ki, nəticəsiz qalıb. Çalışacağıq ki, ay ərzində bizə verilən bu vəzifənin öhdəsindən uğurla gələk və beynəlxaq ictimaiyyətin, üzv dövlətlərin diqqətini problemlərin həllinə yönəldək".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında sədrlik onun daimi və müvəqqəti üzvləri arasında əlifba sırası ilə dəyişir. Hər ölkə bu vəzifəni 1 ay müddətə tutur. 15 dövlətin yer aldığı Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Çin, Rusiya, Britaniya və Fransadır. Digər 10 üzv ölkə BMT Baş Assambleyasında təşkilatın 5 coğrafi qrupu arasından 2 il müddətinə seçilir. Təhlükəsizlik Şurasına üzv seçilmək üçün 193 üzvdən ibarət BMT Baş Assambleyasında keçirilən seçkidə ümumi səslərin üçdə ikisini toplamaq lazımdır. Müvəqqəti üzvlərdən 5-i hər il yenilənir. Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrə 2023-cü il yanvarın 1-dən 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərir.

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla