AZ

Azərbaycan Ukraynanın bərpasına dair iyunda keçiriləcək “sülh forumuna” qatılacaq 

Doğru qərardır

“Azərbaycan istənilən məsələ ilə bağlı qərar verməkdə sərbəstdir, qərar verərkən Kremlə boylanmalı deyilik”
 
 
 Ukrayna Azərbaycanı İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Bu barədə Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk Xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb. XİN rəhbəri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. Qeyd edək ki, Konfrans iyunda Berlində baş tutacaq.

 "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Azərbaycanın Ukraynanın bərpasına dair iyunda keçiriləcək “sülh forumuna” qatılması doğru qərardır. Ekspertin sözlərinə görə, dövlətlər arasında dəstək qarşılıqlıdır:
 "Misal üçün, Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini Bakıda noyabr ayında keçiriləcək iqlim dəyişikliyi ilə bağlı COP-29 konfransına dəvət edib. Zelenskinin bu tədbirə qatılacağını zənn edirəm. Bu, Zelenski üçün növbəti tribuna ola bilər. Eyni zamanda Ukrayna da Azərbaycanın “sülh forumuna” qatılmasını istəyib və Bakıdan müsbət cavab alıb. Azərbaycanın Ukrayna ilə bağlı tədbirə qatılması Rusiya ilə münasibətlərə xələl gətirməz. Azərbaycan istənilən məsələ ilə bağlı qərar verməkdə sərbəstdir, qərar verərkən Kremlə boylanmalı deyilik. Rusiyanın Azərbaycana təzyiq alətləri qalmayıb, separatizmə son qoymuşuq, Rusiya hərbi kontingenti ərazimizi tərk etmək üzrədir. Rusiyanın Ukrayna müharibəsi fonunda dost və tərəfdaş itirdiyi dövrdə Azərbaycanla tərəfdaşlığı davam etdirməsinə ehtiyacı var. Azərbaycanın Ukrayna ilə bağlı “sülh forumuna” qatılacağına görə Kreml ölkəmizlə əməkdaşlıqdan imtina etməyəcək".

 Analitikin fikrincə, Azərbaycan “sülh forumunda” iştirak etsə də, toplantıda ölkəmizə aid mövzuların müzakirəsində iştirak edəcək:
 "Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkəyə humanitar yardımı davam etdirəcək. Bu Kiyev üçün kifayətdir. Elə Bakıda Ceyhun Bayramovla görüşən Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk da İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək mövzuları dəqiq sıralayıb. Bu enerji təhlükəsizliyi və ərazilərin minalardan təmizlənməsidir. Bu, Azərbaycan üçün də əhəmiyyətli mövzulardır".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
sherg.az

5Mənbələr