AZ

Keçmiş məhkumun qətlində təqsirləndirilən şəxsin məhkəməsi: "Rəhmətə gedən valideynlərimi söydü"

Bakıda keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Səyavuş Abbasovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Səyavuş Abbasov ifadə verib.

Onun sözlərinə görə, hadisə söyüş üstündə baş verib: "Mərhumu qonaqlıq vermək üçün evimə dəvət etdim. Yeyib-içəndən sonra aramızda münaqişə yarandı. Bu məqamda rəhmətə gedən valideynlərimi təhqir edib söydü. Mən də bıçağı əlimdə tutmuşdum və onun ürək nahiyəsinə bir dəfə zərbə vurdum. Daha sonra meyiti qollarından tutub sürüyərək zirzəmiyə aparıb divara söykədim. Onu öldürmək niyyətində deyildim".

Zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun qardaşı Vaqif Həsənov qısa ifadə verərək, qətlə yetirilən qardaşının narkotik vasitə istifadəçisi olduğunu bildirib. Onun sözlərinə görə, təqsirləndirilən şəxslə heç bir barışıq olmayıb və ondan şikayətçidir.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun aralarında yaranan münaqişə nəticəsində 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Araz Həsənovu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Abbasov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
Mənbələr
Şərh ()
Bağla