AZ

Qvardiolanın nümayəndəsi: “O, Mançesterdə çox xoşbəxtdir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın nümayəndəsi “Bayern”in ispan mütəxəssisə marağı haqda məlumatı cavablayıb.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, Qvardiolanın nümayəndəsinin bu barədə cavabını təqdim edir:

“Pepin ürəyində “Bayern”in yeri var, amma onun yayda “Mançester Siti”ni tərk etmək fikri yoxdur. O, çox xoşbəxtdir və müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir, ona görə də “Bayern”ə qayıtmaq nəzərdən keçirilmir”, deyə ispan mütəxəssisin təmsilçisi bildirib.

Vurğulayaq ki, hazırda “Bayern”i çalışdıran alman mütəxəssis Tomas Tuxel cari mövsümün sonunda klubu tərk edəcək. Daha əvvəl mətbuatda, Tuxelin müəyyən şərtlər altında “Bayern”də qala biləcəyi ilə bağlı şayiələr yayılmışdı. Digər tərəfdən bu məlumatın əsassız olduğu haqda xəbərlər də var.

Xatırladaq ki, Qvardiola 2013-2016-cı illər aralığında “Bayern”ə rəhbərlik edib. O, bu komandanı 161 oyuna çıxarıb. Münhenlilər bu görüşlərdə 124 qələbə qazanıblar, 16 heç-heçə ediblər, 21 məğlubiyyətə üzülüblər.

Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. Komanda bu müddətdə onun rəhbərliyi altında 468 oyun keçirib, 346 qələbə qazanıb, 57 heç-heçə edib, 65 məğlubiyyətə üzülüb. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 5 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xosep Qvardiola geridə qalmış 2022/2023 mövsümündə “Mançester Siti” ilə “trebl”ə imza atıb – İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
arena.az

2Mənbələr