AZ

Anam hələ bir dəfə də yuxuma gəlməyib - Salatın Əsgərovanın oğlu ilə MÜSAHİBƏ

Ceyhun Əsgərov: “Onun şəhid olduğu yerə hələ gedə bilməmişəm”

"İstəyərdim ki, Salatın Əsgərova Fondu yaradım, amma..."


Azərbaycan xanımları müxtəlif sahələrdə özlərini sübut ediblər, o cümlədən də hərb meydanında. Birinci və İkinci Qarabağ müharibəsində fəal iştirak edən, döyüşərkən şəhidlik zirvəsinə ucalan, yaralanan onlarla qızlarımız-qadınlarımız olub. Onlar həm döyüşüblər, həm yaralı əsgərimizə tibbi yardım göstəriblər, həm də ağır vəziyyətdə olan hərbçilərin daşınmasına kömək ediblər. Savaşçı xanımlarımız vətənpərvərliyi, fədakarlığı, mərdliyi, millətinə və  torpağına hədsiz sevgisi ilə hər birimizə örənəkdirlər.

Modern.az saytı xanım şəhidləri daha geniş şəkildə tanıtmaq məqsədilə bir müddət öncə yeni layihəyə start verib.

“Savaşçı xanımlar” layihəsi ikinci yazıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovadan bəhs edəcək.

Qəhrəmanımız barədə həmsöhbətimiz şəhidin oğlu Ceyhun Əsgərov olub.



Arayış:
Salatın Əziz qızı Əsgərova 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə müqavilə ilə “Bakı” qəzetində işləməyə başlayıb. 4 il sonra isə o, “Molodyoj Azerbaydjana” qəzetinə keçib. Salatın Əsgərova jurnalist kimi Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məslələrə toxunurdu. O, tez-tez cəbhə xəttinə gedir, qaynar nöqtələrdən operativ materiallar hazırlayırdı. Ailəsi Salatının döyüş bölgəsinə getməsindən narahat olsa da, ona mane ola bilmirdi.. Hazırladığı reportajlarla müharibənin ən qızğın anlarından xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu auditoriyası qazanmağı bacarmışdı.
1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın erməni terrorçuları tərəfindən yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir. 
O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
Salatın Əsgərova ölümündən sonra - 6 noyabr 1992-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Milli Qəhrəman” adına layiq görülüb.
Hazırda Bakı şəhərində adına bir küçə var. Yaşadığı binaya barelyefi vurulub. Ona Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adı da verilib.

- Ceyhun bəy, ananızı necə xatırlayırsınız?

- Anam şəhid olanda mənim 6 yaşım vardı. Mən anamı ədalətli qadın kimi xatırlayıram. Onun üçün ədalət hər şeydən öndə idi. Belə deyim ki, övladına olan sevgisindən də öndə idi. Bir səhv hərəkət edəndə, məni çox sərt cəzalandırırdı. Anam üçün düzgünlük hər şeydən üstün idi. O vaxtalr ölkədə baş verənlərə heç çür normal yanaşa bilmirdi, buna görə də mətbuata üz tutdu. Əslində, o,  Azərbaycan Neft və Kimya İnistutunun Geofizika fakültəsini bitirmişdi. Lakin səsinin eşidilməsinə nail olmaq üçün mətbuata üz tutdu.



- Cəbhə bölgəsinə öz istəyilə getmişdi?


- Redaksiyada tapşırıq olmuşdu, amma heç kəs getmək istəmirdə. Onda anam bu missiyanı öz üzərinə götürüb “mən məmuniyyətlə gedərəm” demişdi. Çünki anam əslən Qarabağdan - Şuşadan idi. Atasının babası sonralar Şuşadan Füzuliyə köçmüşdü.

- Ananız heç yuxunuza gəlirmi?

- Maraqlıdır ki, indiyə kimi bir dəfə də olsun anam yuxuma gəlməyib. Deyirlər ki, dünyadan köçən valideynlər tez-tez övladlarının yuxusuna gəlir. Amma o, bir dəfə də olsun yuxuma gəlməyib.

- Torpaqlarımız işğaldan azad olunub. Ananızın şəhid olduğu yerə gedə bilmisiniz?

- Təəssüf ki, yox. Bir dədə Şuşada olmuşam, amma mən Şuşada olanda Laçın istiqamətinə getmək məsələsi bir az qəliz idi. O vaxt Rusiya sülhməramlıları çıxmamışdı, Şuşaya gedənləri hər yerə buraxmırdılar, bu səbəbdən gedə bilmədim. Həm də ki, özbaşına durub getmək qəliz məsələdir. Ora getmək üçün beş-altı strukturdan icazə almalısan, sənədlər göstərməlisən.
İndi belə bir fikrim var,əgər alınsa, o yeri gedib görmək istəyərəm.



- Salatın xanımın xatirəsini əbədiləşdirmək üçün hansı işlər görülüb?


- Salatın xanımın adını əbədiləşdirmək üçün, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerləşdiyi küçəyə onun adı verilib. Bir vaxtlar Bakı buxtasında katerlərdən biri də anamın adına idi. Amma sonradan kater yararsız olduğu üçün onu dəyişdilər. Təəssüf ki, yeni gətirilən katerə anamın adı verilmədi.

- Ananızın qətlə yetirildiyi yerin yaxınlığındakı kəndə Salatınkənd adının verildiyi düzdür?

- Xeyr. Bəzən bunu çoxları deyir, hətta bir sıra mənbələrdə, KİV-lərdə yazılır ki, anamın qətlə yetirildiyi yerin yaxınlığındakı kəndə “Salatınkənd” adı verilib. Amma bu belə deyil axı. Mən özüm şəxsən rəsmi qurumlarda olub araşdırmışam. O kəndin adını dəqiqləşdirmişəm, həmin yaşayış məntəqəsinin adı Salatınkənd deyil. İnsanların çoxu bu informasiyada yanılır. İnternetdə, televiziyalarda deyilir ki, ora Salatınkənddir. O kəndə sonradan Sarıbaba adı verilib. Səbəb isə kəndin yaxınlığında olan Sarıbaba dağının yerləşməsi göstərilib.

- Bəs siz özünüz necə, Salatın xanımın adını əbədiləşdirilməsi üçün hansısa bir iş görə bilmisiniz?

- Böyük məmuniyyətlə istəyərdim ki, anamın adına bir fond yaradım. Jurnalistika fakültəsinə daxil olanların çoxu etiraf edir ki, qəbul imtahanlarında topladığı balı aşağı olduğuna görə bu ixtisasa düşüb. Yəni ki, öz istəyi ilə çox az adam jurnalistikaya daxil olub. Bu fondu, həmin tələbələrə və ya hansısa şəhid ailəsinə dəstək olmaq üçün yaratmaq istəyərdim. Fondu kağızda yaratmaq olar, amma sonra gərək əməlin də olsun, kimlərdənsə pul istəyəsən, bunu da çox adam tamamilə başqa cür başa düşür. Yaranmış fondlara yüksək yerdən göstəriş gəlməsə, heç kim pul köçürmür.
İstəyərdim ki, anamın rəhmətə getdiyi yerin yanında heykəli ni qoydura bilim. Amma bu da bir az qəliz məsələdir.



- Salatın xanımın adı nəslinizdə kiməsə verilib?


- Anamın adını dayım qızına veriblər. Anam qətlə yetiriləndə dayım da cəbhəyə hərbi həkim kimi getmişdi. O zaman dayımın qızı yenicə doğulmuşdu, adı da Rəna idi. Qızın 1 yaşı olanda adını dəyişib Salatın qoydular.

- Salatın xanım haqda mətbuatda getməyən hansısa məlumat açıqlaya bilərsiniz?

- Mənim üçün həmişə qaranlıq qalan bir mövzu var idi. Babam sağ olanda bu sualı ona vermədim. Babamla nənəm - Salatın xanımın doğma ata-anası həkim idilər. Onların üç övladı var idi. Bir oğlan, iki qız. Oğlan kiçik idi, qızlar böyük idi. Nənəmdən boşananda babam iki qızı özü ilə götürdü. Oğlan qaldı anası ilə. Mənə o maraqlı olur ki, babam niyə elə addım atıb? Salatın xanım “Həkimlər evi”ndə böyümüşdü. Prezidentin mətbuat katibi Azər Qasımovla qapıbir qonşu idi. İndi bizim Sankt-Peterburqdakı konsulumuz Soltan müəllimlə də qapı qonşusu idi. Uşaqlığım kifayət qədər tanınmış insanlarla keçib.

- Bilmirsiniz, Salatın xanımın ən böyük arzusu nə olmuşdu?

- Anamın ən böyük arzusu müharibənin olmaması idi. Dövlət Gömrük Komitəsinin sabiq rəisi Aydın Əliyevin müsahibəsində gedən bir məlumatı danışım. 90-cı illərin əvvəlində Qazaxdakı Bağanıs Ayrım soyqırımdan sonra keçmiş sovet ordusunda xidmət edən azərbaycanlı əsgərlər Azərbaycana qayıtmaq istəyiblər. Və hərbi hissədə etiraz aksiyasına qalxıblar. O zaman Bakıdan xahiş etdilər, Salatın xanım və Aydın müəllim yollandılar sovet ordusunun Monqolustandakı hərbi hissəsinə. Bu o zamankı “KQB”nin təşəbbüsü idi ki, orada baş qaldırmış etirazı yatırtsın. Salatın xanım da getdi, o, Monqolustandakı hərbi hissədə Bağanıs Ayrımda baş verənlər haqda həqiqətləri danışıb, nəyin düz, nəyin yalan olduğunu çatdırıb. Bununla da azərbaycanlı əsgərləri sakitləşdirmişdilər..

- Ananızın keçmiş iş yoldaşları ilə hər hansı əlaqəniz varmı?

- İş yoldaşlari ilə əlaqəm yoxdur, lakin bir rəfiqəsi var - Nigar xanım, onunla əlaqə saxlayırıq.



- Ceyhun bəy, sizin jurnalistikaya gəlişiniz ananızdan təsirlənmə ilə bağlıdırmı?


- Xeyr. Mənim mətbuata gəlməyim təsadüf nəticəsində olub. Qarşımda belə bir məqsəd yox idi. Amma nəticədə jurnalist oldum və bu fəalliyətlə məşğulam.

- Hazırda hansı media qurumda çalışırsınız?

- Mənim öz saytım var - Vestnik.az, rusdilli xəbərportalıdır. Bundan əlavə,  Azərbaycana bir ilk gətirmişdim, Milli Sorğu Mərkəzi - onlayn sorğuların keçirilməsi. Yəqin ki, hələ zamanı deyil, çünki çoxu bunu anlamadı, ehtiyac duymadı. Hər şeyin onlayna keçdiyi dövrdə sorğunun da onlayna keçməsi mütləqdir.
 

- Oğlunuz bu il orta məktəbi bitirir, ali məktəbə sənəd verib?

- Bəli sənəd verib. Buraxılış imtahanında maksimum 300 baldan 260 toplayıb.

- Oğlunuzun hansı ixtisası seçməyini istəyirsiniz?

- Hələ ikinci imtahan var, görək necə olacaq.

- Siz istəyərsiniz, o da jurnalistika ixtsasını seçsin?

- Yox, çünki jurnalistika minnətdar peşə deyil. Amma həkimlik çox minnətdar peşədir.

- Belə çıxır ki, jurnalistikaya gəlməyinizə peşmansınız?

- Mən heç vaxt atdığım addım barədə peşman olmuram. Ona görə də peşman deyiləm. Amma düşünürəm ki, həkimliyi seçsəydim, mənim üçün daha yaxşı olardı. Amma bu, peşmanlıq deyil.


 

Xəyalə Bayramqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
14
modern.az

10Mənbələr