AZ

Etirazlar İsraildə də ara vermir

Mayın 11-i axşam saatlarında İsrailin  demək olar, hər yerində hökumətdən HƏMAS-ın girovlarını azad etməsi və Knessetə erkən seçkilərin keçirilməsi tələbi ilə mitinqlər keçirilib. 

 

Senzor.az bildirir ki, aksiyalarda on minlərlə insan iştirak edib.

 

İsrailin “Detali” nəşri bildirir ki, Təl-Əvivdə əsas nümayiş Kaplan kəsişməsində baş tutub. Qaçırılanların Ailələri Forumunun təşkil etdiyi növbəti aksiya Təl-Əviv İncəsənət Muzeyinin yaxınlığındakı meydanda olub. Bir qrup girov qohumu Ayalon magistral yolunu bağlayıb. Qaçırılanların daha bir qrupunun  yaxınları isə Müdafiə Nazirliyi kompleksinin girişində etiraz aksiyası keçiriblər.

 

Təl-Əvivdə azı üç etirazçı həbs edilib. Azrieli qovşağında polislə etirazçılar arasında toqquşma baş verib. Polis su şırnaqlarından istifadə edib.

 

Hayfada da etiraz aksiyası keçirilib. Qüdsdə etirazçılar Prezident evinin yanında toplaşıblar. Beer-Şeva, Qeysəriyyə, Herzliya, Rehovot, Eylat və başqa şəhərlərdə də mitinqlər keçirilib.

 

Etirazlardan əvvəl qaçırılanların ailələrindən bəziləri mətbuata açıqlama veriblər. Onların fikrincə, nə qədər ki, Benyamin Netanyahu İsraildə hakimiyyətdədir, oğurlanmış insanları geri qaytarmaq mümkün deyil. 

 

Girovlardan birinin qohumu bildirib ki, “son iki həftə ərzində Netanyahu girovları xilas etmək üçün sövdələşməni cinayət yolu ilə sabotaj edib. Məhz Netanyahuya görə oğurlanmış insanların azadlığa buraxılması ilə bağlı heç bir razılaşma yoxdur”.

 

Girovların yaxınları israilliləri etiraz aksiyasına qoşulmağa çağırıblar.

 

Senzor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
284
19
senzor.az

10Mənbələr