AZ

Zəngəzurdan çıxan rus hərbçilərini fransızlar əvəz edə bilər...

Image

Əli Mustafa: “Oradakı rus qoşunlarını Fransanın mülki missiyasının əvəz edəcəyini düşünmürəm”

Məlum olduğu kimi, Rusiya sərhədçiləri Zəngəzur rayonundakı postlarını tərk etməyə başlayıblar. Onlar Gorus və Çakaten arasındakı ərazidə mobil dislokasiya məntəqələrini bağlamağa başlayıblar. Bu ərazidə 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında yerləşmişdilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb: “Paşinyan şərtlərin dəyişdiyini və artıq belə ehtiyacın olmadığını bildirdi. Ona görə də prezident Putin razılaşdı və bizim hərbçilərin və sərhədçilərimizin geri çağırılması ilə bağlı razılığa gəldilər”.

Maraqlıdır, Ermənistan bundan sui-istifadə edib bir müddət sonra rus hərbçilərin yerinə Avropa İttifaqı müşahidə missiyasını yerləşdirə bilərmi? Daha konkret desək, Ermənistan Rusiya qoşunlarını Fransa hərbçiləri ilə əvəz edə bilərmi?

“İki ölkə arasında gərginliyin azalması, intensiv danışıqlar fonunda sərhəddə hansısa xarici qüvvələrin...” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsiin sədri Əli Mustafa buna bir neçə prizmadan yanaşdı: “Rusiya qoşunlarının oradan çıxarılması, böyük ehtimalla, Paşinyanın Moskva səfəri zamanı Putinlə razılaşması nəticəsində mümkün olub. Çünki ovaxta qədər Azərbaycan-Ermənistan sərhədinin bəllli nöqtələrindən rus qoşunlarının çıxarılması ilə bağlı həlledici qərar yox idi. Ancaq oradakı rus qoşunlarını Fransanın mülki missiyasının əvəz edəcəyini düşünmürəm. Çünki bu, onların mandatına daxil deyil. Ona görə ki, mülki missiya yanız müşahidə aparır. Onların davamlı olaraq sərhəd-mühafizə xidmətini həyata keçirmək səlahiyyətləri yoxdur. Üstəlik, Azərbaycanla Ermənistan arasında gərginliyin azalması, intensiv danışıqlar fonunda sərhəddə hansısa xarici qüvvələrin yerləşdirilməsinə zərurət də yoxdur. Üstəlik, rəsmi Paris də Amatıda iki ölkə xarici işlər nazirlərinin görüşünü diqqətlə izlədi. Həmçinin Fransa XİN-i bu danışıqları dəstəklədiyi barədə açıqlama yaydı. O baxımdan yəqin ki, ora Fransa qüvvələri yox, Ermənistanın sərhəd qüvvələri yerləşdiriləcək. Bu günlərdə Paşinyan açıq bəyan etdi ki, sərhəddən ordu birləşmələri geri çəkiləcək. Təbii ki, Paşinyan hakimiyyətini qoruya biləcəksə, revanşistlər hakimiyyətə gəlməyəcəksə. Digər tərəfdən, yeni proseslərin fonunda Ermənistanda hələ nələrin olacağını proqnozlaşdırmaq və nələrin olacağını demək çox çətindir. Yəni sabah Ermənistanda elə ekstremal vəziyyət yarana bilər ki, rus qoşunları yenidən o postlara qayıda bilər. Tamam fərqli nəticələr meydana çıxa bilər. Ancaq hesab edək ki, hansısa fors-major halı olmayacaq. O halda düşünürəm ki, Ermənistan özünün sərhəd qoşunlarını ora yerləşdirəcək”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
277
13
baki-xeber.com

10Mənbələr