AZ

Hüdudları genişlənən siyasət…

Hələ öyrənciykən oxuyurduq ki, xarici siyasət daxili siyasətə əsaslanır və onun davamı kimi çıxış edir. Bəs daha nədir xarici siyasət? - O öz davranışını beynəlxalq ortama uyğunlaşdırmaq, habelə başqa dövlətlərin davranışına təsir göstərmək üçün dövlətin həyata keçirdiyi çalışmalar toplusu - fəaliyyət sistemidir. Xarici siyasətin başlıca məqsədi, əlbəttə, milli maraqların qorunmasdır. O da bəlli ki, xarici siyasətin həyata keçirilməsinin bir çox vasitələri mövcud olsa da (onların içində ən önəmlisi diplomatiya sayılsa da), neynəməli ki, müharibə də xarici siyasətin həyata keçirilmə üsul-vasitələrindəndir…

Biz sülpərvər xalqıq; ölkəmiz multikulturalizmin, tolerantlığın, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun ən əsas (xarakterik) ünvanlarındandır; dövlətimiz beynəlxalq hüquq normalarına sayğılı, başqalarının daxili işlərinə qarışmayan amma bizim daxili işlərimizə müdaxiləni də qəbul etməyən bir yapıya sahibdir.

Yeri gəlmişkən, dövranın çərxi necə dönmüş ki, bizim daxili işlərimizə müdaxiləni özləri üçün sanki prioritet sanan dövlətlər artıq öz daxili işlərinə müdaxilədən danışır, həyəcanlanır, nə bilim, haradasa fövqəladə rejim tətbiq edir, öz təbəəsi sandığı xalq üzərinə qoşun yeridir və s… Dədələrimiz necə deyirdi? - “Haqq incələr, üzülməz”!

Bəs daxili siyasət? - O nəyi ifadə edir?

Bəli, daxili siyasət - təhsil, səhiyyə, enerji, kənd təsərrüfatı, hüquq-mühafizə, təbii ehtiyatlar, sosial təminat, şəxsi hüquq-azadlıqlar, biznes, maliyyə və vergilər kimi geniş sahələri əhatə edir. Bizim bu sahələrin hamısında hər şey topyekun qaydasındadırmı, daha görüləcək iş qalmayıbmı? - Xeyr, hələ görüləcək işlərimiz, gediləcək yolumuz var.

Daxili siyasət dövlət siyasətinin (hər bir əməli çalışma sahəsi üzrə strategiyasının) öz sərhədləri içində olan bütün problem və çalışmalara (qanunlar, hökumət proqramları, inzibati qərarlar və s.) birbaşa aid olan bölümüdür - bilirik. Bilindiyi, göründüyü üzərə, bu, hökumətin dünya siyasətində olan maraqlarını ifadə edən xarici siyasətdən fərqlidir.

Bax, bu deyilənlərin işığında bir də 44 günlük müharibəni, Ermənistanla şərti dövlət sərhəddinin Laçın-Gorus arası mövqeyində (Həkəri körpüsünün yanıbaşında) DSX postu qurulmasını (22.04.2023), dəxi bir sutkadan qısa çəkən antiterror tədbirlərini (19-20.09.2023), Qazaxın işğal altındakı kəndlərinin öz bayrağımızın kölgəsinə keçməsini (2024), Qarabağdakı sülhməramsızların (tələm-tələsik gəldiyi kimi) çıxıb getməsini vurğulamalıyıq. Bunları nə yalnız daxili, nə də yalnız xarici siyasətə aid etmək (sığışdırmaq) düzgün deyil bəlkə; birsəmtli siyasətdən üstün, dərin, düşünülmüş, təmkinli dövlət siyasətinin, dövlət-xalq birliyinin (necə deyərlər, “vəhdəti-vücud”un) təntənəsidir bu hadisələr! - Bu hadisələr siyasətin sərhədlərini, hüdudlarını genişləndirir. Açığı, bizim torpaqlar işğal altındaykən daxili və xarici siyasətin harada başlayıb-harada bitdiyini kəsdirmək də çətin idi. O dönəmdə də, elə günümüzdə də universal siyasət yürüdülür və bu, ilk növbədə, Prezident İlham Əliyevin, onun siyasi komandasının uğurudur.

Ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin təmini prosesində siyasi partiyalarımızın mütləq əksəriyyətinin dövlətin, Müzəffər Ali Baş Komandanın, şanlı Ordumuzun uğurlarını qürurla bölüşdüyünü qədirşünaslıqla vurğulayırıq. Onu da qədirşünaslıqla vurğulayırıq ki, 5 il öncə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, bu şöbənin yüksək etimada layiq fəaliyyəti ictimai-siyasi ortama yeni nəfəs gətirdi. Siyasi partiyaların zaman-zaman qaldırdığı müxtəlif problemlər üzrə şöbədə aparılan müzakirələr, qeydiyyat, qərargah və s. məsələlərin konstruktiv həll yolunun tapılması cəmiyyətdə xoş qarşılandı (qarşılanır). Ən əsası, siyasi partiyaların ümummilli məsələlərdə çəkici bir zindana vurması, sevinci bölüşüb çoxaldan, kədəri bölüşüb azaldan zehniyyətin önplana çıxması təqdirə, övgüyə layiqdir.

Siyasi partiyalar çox ola bilər, ideoloji-siyasi fərqliliklər (əlbəttə) ola bilər, ancaq Dövlət baba birdir, bayraq birdir, ölkə, xalq maraqları birdir və ayrı ola biləcəyimiz çizgidən daha artıq ayrılmaq illa olmaz!

Öz hikkəsi içində boğulan təkəmseyrəklərdən savayı hər kəs öz dövlətinin müvafiq qurum-quruluşlarının çağırışlarına cavab verir; necə ki dövlət də siyasi partiyalardan, vətəndaş cəmiyyəti institutlarından, ümumən cəmiyyətdən gələn çağırışlara biganə qalmır. Hələ-hələ son illər - hərb meydanında qalib olduqdan sonra humanitar təfəkkürün daha üstün mövqe qazanması dövlətin xarakterinin təntənəsidir! Zəfərsonrası ilk təqvim ilinin respublikamızda “Nizami İli” adlandırılması da, Qarabağda, Gündoğar Zəngəzurda sürətli mülki, mədəni quruculuğun önplanda tutulması da, bax, o təfəkkürün, o təntənənin əlamətidir…

Ölkəmizin siyasi partiyaları ilə dövlət orqanlarımızın konstruktiv işbirliyinin inkişaf etdirilməsi məsələləri iki gün öncə paytaxtımızda bir daha müzakirə olundu. Həmin mühüm müzakirədə milli maraqların, milli birliyin qorunması adına ölkəmizin bütün vətəncanlı və intellektual qüvvələrinin vacib səfərbərliyinin vurğulanması sayğıya layiqdir. - Bu vaciblik mövcud dialoq ortamının qorunub saxlanmasının önəmini vurğulamaqla, daxili-xarici siyasət bağlamı ilə şəkillənir, təbii. Təbii, biz yöndəyişdirən daxili-xarici siyasətlərincə gərginlik girdabına düşən yaxın-uzaq ölkələri, qonşuları və “qonşu”ları görürük. Görürük ki, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü, suverenliyini bərpası yönündə tarixi uğurlarını təkrarlaya bilən ikinci bir respublika yoxdur. (Keşkə də GUAM ortaqlarımızın hamısı ərazi bütövlüyünü, suverenliyini təmin edəydi).

Beləliklə, çox sadə bir yanaşma ortadadır: əgər qonum-qonşular, oxşar problemli yaxın-uzaq dövlətlər içrə yalnız biz tarixi uğura imza atmışıqsa, (növbəti uğurlara layiq və qadiriksə!) deməli, Dövlət babanın bir bildiyi vardır! - Nəyi, nə vaxt, necə etmək? - Bu üçlü sualın bir təkmil cavabını vermək bacarığı var Dövlət babanın! - Bu, şüar deyil, ötəri deyim heç deyil - özünü doğrultmuş təcrübədir! O təcrübə gərəyi, mayın 16-da keçirilən geniş müzakirə (müzakirənin ilkin sonucları) cəmiyyətimizi rahatsız edən məsələlərin daha təkmil həlli yollarının müəyyənləşdirilməsində siyasi partiyaların önəmli rolunu göstərir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
26
musavat.com

10Mənbələr