AZ

Xocalıda həyat yenidən canlanır

Qırx dörd günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin bölgəyə hər səfəri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.  Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır.

İşğaldan azad edilimiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Ekspertlərin qeyd etdikləri kimi, Dövlət Proqramının əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub.

Təbii ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun-digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bütün bunların sayəsində vətəndaşlarımız öz yurdlarına, yeni evlərinə köçürülür.  

Xocalıya da həyat yenidən qayıdır. Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Başı müsibətlər çəkən bu şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, bu gün Xocalı da əzəmətli tikinti meydançasını xatırladır. Hazırda Xocalıda 253 mənzildə iş gedir. Belə ki, ilk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Bu ilin sentyabrından isə Xocalı məktəbində tədris başlayacaq. Hazırda məktəbdə son tamamlama işləri görülür. Xocalı da çaykənarı, eynən Laçında - Həkəri ətrafında salınmış bulvar kimi gəzinti, istirahət yerinə çevriləcək. Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Şəhər ərazisində biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli olmaqla 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir. Yerli sakinlər də quruculuq prosesinə cəlb ediliblər.

Bundan başqa, Xocalının Malıbəyli kəndi də yenidən qurulur. Hazırda burada 123 fərdi yaşayış evində işlər aparılır. Malıbəylidəki “Məhşur üçbulaq” ərazisi də abadlaşdırılır. Bulağın ətrafında yeni park salınacaq. Malıbəylinin bərpasında iştirak edənlərin təqribən 60 faizi elə bu kəndin sakinləridir. Kəndə qaz, işıq və su xətləri çəkilir. Bu il sakinlərin kəndə köçü planlaşdırılır. Malıbəylidəki Yeni şəhərcikdə isə müasir tələblərə cavab verən 5 mərtəbəli binalar inşa edilir. Kənddəki məscidin bərpası istiqamətində də işlər görülür.

Artıq Xocalının yeni inkişaf dövrü başlayır. Burada həyat yenidən qaynayır. Xocalılar bundan sonra öz doğma el-obalarında əmin-əmanlıq içində yaşayacaqlar. Əminliklə demək olar ki, işğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, əhalinin dayanıqlı məskunlaşması, Qarabağa və Şərqi Zəngəzura, dogma Xocalımıza Böyük Qayıdış Proqramının uğurla reallaşdırılması məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.

Zahid Rza, “İki sahil”

Seçilən
1257
40
Mənbələr
Şərh ()
Bağla