AZ

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyin realizəsidirŞƏRH

Qazaxın

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə altı konseptual istiqamətdə əldə olunan nəticə, ilk növbədə, Prezident İlham Əliyevin prinsipial qələbəsidir. Bildiyimiz kimi, ölkə Prezidenti bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bəyan etmişdi ki, “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”. Aprelin 19-da Azərbaycan və Ermənistan arasında şərti sərhəddə hər iki ölkənin baş nazirlərinin müavinləri, Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə komissiyanın iclasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycan tərəfə qaytarılması barədə razılıq bilavasitə məhz Prezident İlham Əliyevin yanvarın 10-da ifadə etdiyi qətiyyətli mövqeyin realizəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

O deyib: “Aydındır ki, Azərbaycan beynəlxalq hüquqla, o cümlədən Ermənistanın tez-tez istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən özünə məxsus bir qarış da olsun torpağı güzəştə getmək niyyətində deyildi və rəsmi Bakı bu mövqeyini açıq formada dəfələrlə bəyan etmişdi. Vətən müharibəsi və antiterror tədbirlərində atılan qəti addımlar fonunda ötən dövrün təcrübəsinə əsaslanan Ermənistan və havadarları da yaxşı anlayırdı ki, bu məsələdə Prezident İlham Əliyevin səbrini sınamaq heç də yaxşı nəticə verməyəcək. Təbii ki, Azərbaycan yeni hərbi gərginlik arzulamır, hətta biz Konstitusiyamızın 9-cu maddəsində rəsmən bəyan etmişik ki, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin biz, eyni zamanda işğalda qalan 8 kəndimizi azad etmək üçün güc tətbiq etməyəcəyimiz barədə öhdəlik də götürməmişik. Bu mənada, Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqların nəticəsi olan 19 aprel tarixli ilkin razılığın əsas əhəmiyyəti ondan ibarətdir ki, hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan Ermənistanın bizim ilkin şərtimizə uyğun olaraq qeyri-anklav kəndlərimizi bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi ilə qan tökülməsinin qarşısı alındı. Bu, müzəffər Ali Baş Komandanın 2020-ci il 10 noyabr kapitulyasiya aktına müvafiq olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verilməsində ehtiva olunan tarixi uğurunun təkrar olunması demək idi. Həmçinin qərara alınıb ki, sərhəd xəttinin adıçəkilən istiqamətdəki hissələrinin təsviri koordinatları 2024-cü il mayın 15-dək yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilərək tərtib olunsun. Bu isə o deməkdir ki, Azərbaycan 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçının boşaldılması məsələsində olduğu kimi, bu dəfə də xoş niyyət göstərərək Ermənistana konkret tarix üzrə möhlət verib”.

Deputatın sözlərinə görə, ümumiyyətlə, kəndlərimizin geri qaytarılması barədə ilkin razılıq elə bir situasiyadır ki, sağlam təfəkkürə malik heç bir subyekt bu prosesdə məğlub görünmür. Daha doğrusu, əgər Ermənistanda hansısa dairələr həmin kəndləri hələ də özününkü hesab edirsə, bu razılaşma həmin qüvvələrin ciddi məğlubiyyətidir. Əksinə, beynəlxalq hüquqa hörmətlə yanaşanlar isə özünün olmayan ərazilərə iddialardan könüllü surətdə əl çəkərək sağlam iradə nümayiş etdirməklə bu uğurdan pay götürə bilir.

“Razılaşmanı uğurlu edən digər amil, delimitasiya prosesinin sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh prosesində delimitasiya prosesinin məhz bu şərtlər üzrə aparılmasını doğru hesab edirdi. Görünən odur ki, Ermənistan, nəhayət, üç il yarım sonra Bakının mövqeyinin hüquqi cəhətdən qanuni və ədalətli, praktiki cəhətdən isə səmərəli olmasını dərk etməyə başlayıb. İndi qalır yaxın 25 gün ərzində məsələnin tərəflər arasında müvafiq protokol-təsvirlə sənədləşdirilib, razılaşdırılıb imzalanması və bununla da delimitasiya, hətta demarkasiya prosesində ilk real addım atılmış olacaq.

Azərbaycan və Ermənistanın arasında adıçəkilən razılaşmasının digər diqqət çəkən önəmli məqamı delimitasiya ilə bağlı ilkin müzakirələrin məhz anklav olmayan kəndlərimizdən başlanmasıdır. Bildiyiniz kimi, Azərbaycan Prezidenti də bu ilin əvvəllərində ifadə etmişdi ki, proses Tovuz-Qazax bölgəsi istiqamətindən – hələ də işğalda qalan kəndlərimizdən başlanmalıdır. Delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların iclasında alınan qərar isə nümayiş etdirdi ki, gündəlik məhz Azərbaycanın diktəsi ilə müəyyənləşir. Lakin bu da faktdır ki, Bakının beynəlxalq hüquqa əsaslanan bu mövqeyini realizə etməsi Ermənistan üçün hər hansı formada təhdid yaratmır, əksinə İrəvan gərginliyə yol aça biləcək təcavüzkar mövqeyindən əl çəkməklə qarşılıqlı etimad mühitinə töhfə vermiş olacaq”, - deyə B.Məhərrəmov bildirib.

“Ümumiyyətlə, məlumdur ki, delimitasiya və demarkasiya uzun sürən çox mürəkkəb bir prosesdir və dövlətlər arasında münasibətlərin hətta ən yüksək səviyyədə olması belə bu prosesin on illərlə uzanmasına əngəl törədə bilmir. Məsələn, Azərbaycanın dost Gürcüstanla sərhədinin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Yaxud müttəfiqimiz Rusiya ilə 20 il davam etmiş delimitasiya prosesi 2012-ci ildə başa çatsa da, hələ də demarkasiya tam aparılmayıb. Azərbaycanla uzun illər münaqişədə olmuş, 30 il ərazilərimizi işğalda saxlamış Ermənistanla isə delimitasiya və demarkasiya prosesinin daha çətin keçəcəyi sirr deyil. Lakin dövlət sərhədinin delimitasiyası, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların sayca 8-ci iclasında işğalda olan 4 kəndimizin dinc yolla qaytarılması barədə razılığa gəlinməsi daha bizə nikbin düşünməyə əsas verir. Qarşıda isə prosesin davamlılığının təmin olunması kimi ciddi bir vəzifə dayanır. 2024-cü il iyulun 1-dək Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başa çatdırılması və tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədin təsdiqinə başlamaq barədə razılığa gəlməsi proseslərin ardıcıllığının təmin olunması üçün hüquqi bazisin formalaşdırılması baxımdan mühümdür. Eyni zamanda, tərəflər delimitasiya prosesində Alma-Ata Bəyannaməsinə əsaslanılması, həmçinin həmin baza prinsipini cari layihədə təsbit etmək, sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişlə bu Əsasnamə arasında hər hansı uyğunsuzluq yaranarsa, atılacaq addımların müəyyənləşməsi gələcəkdə əlavə mübahisə predmetlərinin ortaya çıxmasının qarşısını almış olacaq. Bu məqam, habelə Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığın əldə olunması, eyni zamanda, növbəti görüşlərin keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılma təcrübəsinin oturuşması başqa bir konseptual məsələnin həllini tapdığını – hər hansı üçüncü tərəfin vasitəçilik təşəbbüslərinə daha ehtiyac qalmadığını göstərir. Bu isə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi prinsipial niyyətlə üst-üstə düşür.

Təbii ki, prosesləri qabaqlamaq faydalı deyil, lakin indiki məqamda dəqiqləşən növbəti addım Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərindən erməni ordu hissələrinin çıxarılaraq həmin məntəqələrin təhvil verilməsindən sonra sərhəd xəttinin razılaşdırılmış hissələrində tərəflərin öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi təşəbbüsüdür. Daha sonra isə növbə anklav kəndlərindir”, - deyə deputat bildirib.

O əlavə edib ki, hələ yolun başlanğıcındayıq, daha ciddi addımların atılması və xüsusən sülh, sabitlik üçün yaranmış bu unikal imkanın hədər getməməsi üçün Ermənistanın iradə nümayiş etdirməsi vacibdir. Sirr deyil ki, bu prosesi pozmaq istəyən xeyli sayda maraqlı subyektlər var və indiki məqamda əgər Paşinyan iqtidarı iradəsini qorumasa və proses üzrə öhdəliklərindən geri çəkilsə, bu, ilk növbədə, elə erməni xalqının rifahı, təhlükəsizliyi və maraqlarına tarixi zərbə olacaq.

Seçilən
47
3
Mənbələr
Şərh ()
Bağla