AZ

Erik ten Haq yeni texniki direktor tərəfindən təftiş ediləcək

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq qarşıdakı ay ərzində feli olaraq klubdaxili təhqiqat altında olacaq.

Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Mançester Yunayted”in yeni texniki direktoru Ceyson Uilkoks niderlandlı mütəxəssisin işini və paltardəyişmə otağında komandadaxili münasibətləri geniş miqyaslı yoxlamadan keçirəcək. Bundan sonra klub təftişin nəticələri əsasında Erik ten Haqın klubdakı gələcəyi ilə bağlı müvafiq yekun qərarını verəcək.

Bildirilir ki, “Mançester Yunayted” rəhbərliyi Erik ten Haqın yanaşmasının klubun ümumi oyun tərzinə və fəlsəfəsinə uyğun olub-olmadığını daha yaxşı müəyyən etmək üçün niderlandlı mütəxəssisin güclü, zəif tərəflərini və həmçinin komanda ilə münasibətini ətraflı qiymətləndirməyi Uilkoksa tapşırıb.

Hazırda Erik ten Haqın “qırmızı şeytanlar”ı İngiltərə Premyer Liqasının yarış cədvəlində 33 oyundan 53 xalla 6-cı pillədə qərarlaşıblar. “Mançester Yunayted” cari mövsümü çox uğursuz keçirib ki, bu da klub tarixinin ən pis antirekordları ilə əlamətdardır.

“Qırmızı şeytanlar” UEFA Çempionlar Liqasında mübarizələrini qrup mərhələsində qrup sonuncusu olaraq başa vurublar. İngiltərə Liqa Kubokunda da mübarizəsinə xitam vermiş “Mançester Yunayted” mövsümü xilas etmək üçün son ümidini əzəli rəqibi “Mançester Siti” ilə qarşılaşacağı İngiltərə Kubokunun finalına bağlayıb.

Erik ten Haq “Mançester Yunyated”i 2022-ci ilin iyulundan çalışdırır. Holland mütəxəssisin İngiltərə nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ümumilikdə Erik ten Haq “Mançester Yunayted”i 108 oyuna çıxarıb, 65 qələbə qazandırıb. Holland mütəxəssis 14 oyunda heç-heçə, 29 oyunda isə məğlubiyyətlə üzləşib, top fərqi isə 199:147 nisbətindədir. Ten Haq “Mançester Yunayted”ə 2022/2023 mövsümündə İngiltərə Liqa Kubokunu qazandırıb.

Seçilən
104
1
Mənbələr
Şərh ()
Bağla