AZ

“Azərbaycanın sülhlə bağlı mövqeyi iqlim dəyişikliklərinə qarşı mübarizədə də effektiv rola malikdir”- ŞƏRH

“ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” konfransında aparılan müzakirələr, nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin dövlət başçımıza ünvanladığı suallar olduqca maraqla qarşılanıb. Belə ki, dünyanın nüfuzlu KİV-ləri də diqqəti COP29-un ev sahibi kimi Azərbaycanın əsas məqsədlərinə yönəldiblər. Cənab Prezidentin də söylədiyi kimi bu, bizim üçün fürsətdir. Çünki bizim dünyaya deyəcək sözümüz çoxdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan “COP29-u həm də sülh prosesinin nəticəsi hesab edir:

“COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik. Prezident İlham Əliyev bəyan etdi ki, belə məsələlərdən biri sülh olacaq. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Rəsmi Bakı bu kontekstdə etimadın yaranmasını xüsusi qiymətləndirir. “Bu hal isə bizim heç də hər dəfə hər müstəvidə bir-birimizə qarşı addım atmalı olmadığımızı nümayiş etdirir. İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni, biz qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi”, deyə ölkə başçımız bildirdi.

Bu mənada COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir. COP 29 Cənubi Qafqazın 3 ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol aça bilər”.

K. Nurullayeva bildirib ki, Azərbaycan qlobal miqyasda hadisələrin sürətlə inkişaf etdiyi bölgə olan Cənubi Qafqazda hadisələrin düzgün məcraya yönəldilməsi üçün proaktiv olmağın tərəfdarıdır:

“Beynəlxalq konfransda dövlət başçımız COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlməyin tam real göründüyünü bəyan etdi. Bu yanaşma rəsmi Bakının sülhə tam hazır olduğunu bir daha təsdiqləyir.
COP29 3 Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Təbii ki, bu, həm də regionda, Qafqazda, Xəzər hövzəsində, Mərkəzi Asiya regionunda diqqət mərkəzində olmaq üçün bir fürsətdir.
Azərbaycanın əsas üstünlüklərindən biri COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl ekoloji problemlərlə ciddi məşğul olması, iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmaq istiqamətində çalışmasıdır. Belə ki, əvvəlki illərlə müqayisədə Bakıda yaşıl ərafzilərin coğrafiyası genişlənib. Eyni zamanda Qarabağda və Şərqi Zəngəzurda su resursları üzərində fəal iş aparılır. Konfransın Laçında işini davam etdirməsi buradakı reallıqları beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Azərbaycan COP 29-un ev sahibi kimi iqlim problemlərinə mənfi təsirlərin açıq şəkildə müzakirəsinin tərəfdarıdır. Həmçinin ölkəmiz neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmağa çalışır. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan COP29 üçün bir yenilik olan üçlük mexanizmini yaradıb. Belə ki, COP28-i keçirmiş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və COP30–u keçirəcək Braziliya ilə birlikdə bu formata malik olmaq Azərbaycanın təşəbbüsü idi. Bu mexanizm bizə planlaşdırmaya kömək edəcək. Yəni, Azərbaycan COP29-a sədrliyə ilk növbədə beynəlxalq arenada ən təxirəsalınmaz məsələnin praktiki həllinə töhfə vermək imkanı kimi baxır. Beynəlxalq forumda əsas diqqət yetirilən məsələlərdən biri də Azərbaycanın qlobal enerji səhnəsində ən böyük tərəflərdən biri olması və yeni rol aldığı ekoloji səhnədə məşhur oyunçulardan birinə çevrilməsi oldu. Dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri də bu qənaətdədir ki, Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq. Laçında aparılan müzakirələrdə də regional əməkdaşlıqda Azərbaycanın mərkəzə çevrilməsi, bundan sonra artıq təhlükəsizlik və sülhün iqlim dəyişikliklərinə qarşı mübarizədə effektiv rolu xüsusi qeyd olundu”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
42
50
Mənbələr
Şərh ()
Bağla