AZ

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Ermənistan müxalifəti dörd kəndin qaytarılması, delimitasiya və demarkasiyanın başlaması məsələsindən Paşinyan hakimiyyətini devirmək üçün istifadə edir.

Bu sözləri Axar.az-a Ermənistanda gedən iğtişaşlar haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Onun sözlərinə görə, iğtişaşların arxasında xarici qüvvələrin dayanma ehtimalı var:

“Proses yeni deyil, keçmiş Qarabağ klanının cinayətkar qalıqları əhalini hökumətə tabe olmamağa, silahlı müqavimətə, “ölkəni müdafiə etməyə” çağırıb. Həmin cinayətkar qrupun üzvləri dəfələrlə Tavuşa və digər bölgələrə səfər edərək əhalini qızışdırdılar. Erməni mediası da prosesdə katalizator rolunu oynayır. Əhali silahlı üsyana qalxmadı, amma etirazlar artıq daha şiddətli hal ala bilər. Seçkidə qalib gələ bilmədikləri Paşinyanı bu formada devirmək istəyirlər. Əlbəttə, bunlar ümumi vəziyyətə təsirsiz ötüşməyəcək. Əgər xatırlayırsınızsa, Zəngəzur məsələsi gündəmə gələndən sonra Köçəryan seçki zamanı həmin bölgədə Paşinyanı üstələmişdi. Ermənistan və Azərbaycan özləri delimitasiya və demarkasiya prosesi barədə razılığa gəldiyi üçün xarici ölkələrin iğtişaşların arxasında durması mümkündür”.

Politoloq qeyd edib ki, digər mühüm məqam hərbçilərlə bağlıdır:

“Dünən Tavuşda sərhəddə duran bir qrup erməni hərbçi də iğtişaşlara qoşuldu. Doğrudur, Ermənistan Müdafiə Nazirliyi dərhal sonra açıqlama yayaraq hərbçilərin məsuliyyətə cəlb ediləcəyini bildirdi. Lakin hərbçilərin qoşulması kütləvi xarakter alsa, təhlükənin daha da böyüməsi mümkündür. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyi üçün diaspor da Paşinyana qarşı çevrilib. Onlar da iğtişaşları idarə edənlərə dəstək verir. Ona görə də kortəbiilikdən söhbət gedə bilməz. Ancaq etirazların daxili silahlı qarşıdurmaya, yaxud çevrilişə səbəb olub-olmayacağını indidən demək çətindir”.

Seçilən
19
27
Mənbələr
Şərh ()
Bağla