AZ

"Hicab geyinməyən namuslu xanımlar kifayət qədər çoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Bəzi dindarların saçı örtməklə zərərli maddələrin, qoxuların beynə nüfuz etməsi arasındakı əlaqədən söz açması dini şəkildə əsaslanmır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, ola bilər, hansısa tibbi, psixoloji əlaqəsi olsun: "Lakin bu məsələyə dini münasibət sualda iddia olunduğu kimi deyil. Ümumiyyətlə, Allah-təala İslam dinində və digər dinlərin orijinal mənbələrində, təhrif olunmuş mətnlərində bir şeyi qadağan edirsə, bunun əsas səbəbi hansısa anladığımız məsələ deyil. Ola bilər, biz nələrisə anlayırıq, bir hökmün faydasını başa düşürük. Lakin əsas məsələ insanların imtahan olunması olduğu üçün bu hökmlərin hansısa faydası və ya hikmətinin olması-olmaması aktual deyil. Sınaqda insan səbəb axtarmaz. Allah məni sınayır, deyir ki, bunu et. Səbəb axtarıramsa, deməli, mövzunun sınaqdan ibarət olduğunu tam qəbul etmirəm.

Hicab məsələsinin əxlaqi izahını vermək aşkardır. Həm mental dəyərlərə əsaslanan məsələdir, həm fəlsəfi, məntiqi əsasları vardır. Qədim zamanlardan yazılmamış qanunlardan ibarət insanlar arasında ayıb deyilən bir mövzu olub. Adətən insanlar ayıb dedikdə belə bir sual veriblər: "Mənim bir yerim görünür?" Yaxud xanımlar indi də görünməsini istəmədikləri yeri örtməyə çalışırlar. Bu onu göstərir ki, örtük həmişə mədəniyyət hesab olunmuşdur. Filosoflar, sosioloqlar, siyasətçilər renessans dövründən sonra açıq-saçıqlığı təbliğ etməyə, xanımın padşah və kraliça olduğu məntəqəni məhv etməyə başladılar.

Xanımı kişilər arasına çıxarıb sonra da müxtəlif bəhanələrlə əzməyə başladılar. Bu, getdikcə daş dövrünə doğru hərəkət edir. Bir zamanlar mədəniyyət örtük idisə, indi çılpaqlığa mədəniyyət kimi baxırlar. Bilirik ki, çılpaqlıq qədim dünya tarixi elmlərində insanın ilk halı kimi təqdim olunur. Sonradan insan geyimi tapdı, geyinməyə başladı. Sonradan moda aktuallaşdı. Bu o deməkdir ki, insan geyimi mədəniyyət hesab etmişdir.

Dini mətnlərdə də keçir ki, insan, xüsusilə qadın başdan ayağa gözəllik olduğu üçün, gözəlliyin də ictimai istifadəsi mümkün olduğu üçün namus sayılır. Açıqda olması zəruri olan hissələr istisna olunur. Üz, əllər qadının hərəkət etməsi üçün vacibdir. Digər hissələr qadın üçün örtük, ayıb sayılır. Gizlədilməsi vacib olan yerlər sayılır. Söhbət dini mətnlərdən gedir.

Kişilərin də geyimi tarix boyu önəmli olmuşdur. İndi də dünyada ən "sivil", inkişaf etmiş, daha çox çılpaqlığa meyilli olan Qərb ölkələrində belə kişilərin geyimləri qadınların da geyimlərindən daha universaldır. Kişi ilə qadın mərasimə gəlirsə, qadın modadan istifadə edərək yarıçılpaqdır, lakin kişi kostyum, qalstuk, xüsusi papaqlar və sair geyinmiş olur".

"Qədim Şərqdə məclislərdə papaqsız oturmaq tərbiyəsizlik sayılardı. Sonradan Qərbdən gələn "mədəniyyət"ə əsasən insanlar arasında papaq çıxarmaq mədəniyyət sayıldı. Bunlar insanların psixologiyasına yönəlmiş kiçik hücumlar idi. Nəhayət, bu dövrümüzə çatdıq.

Bunlar o demək deyil ki, İslam dininə əsasən geyinməyən əxlaqsız sayılır. Sadəcə yasaqları tapdalamış sayılır və tapdaladığı səviyyədə Allaha cavab verəcək. Yoxsa hicab geyinməyən, hətta tam geyiminə riayət etməyən namuslu, qeyrətli xanımlar kifayət qədər çoxdur. Müəyyən cəhalət üzündən belə geyinirlər.

Hicabın hikməti nədir?

Bütün cavab bundan ibarətdir ki, dinin əvvəldən axıra hökmlərinin bir hikməti və səbəbi vardır. Sonrakı səbəblər ikinci dərəcəlidir. Əsas səbəb Allahın əmridir. Allah deyib ki, buna bu şəkildə əməl et, həyata keçir. Buna bir az fəlsəfi izah verilməlidir. Bütün səbəbləri yaradan Allahdır. Bizim qarşımızda sual olunsa ki, Allah yaratmışdır və sonra səbəblər əmələ gəlmişdir, yoxsa səbəblər var idi və Allah səbəblərə baxıb yaratmışdır? Cavab budur ki, əsas Allahın yaratmasıdır. Səbəbləri də Allah yaradıb. Yəni "Allah hansı səbəbə bunu etdi" demək şirkə gedib çıxır. Allah səbəbləri yaradandır. Fəlsəfəni, məntiqi, səbəbi, "niyə?"ni, "nə üçün?"ü yaradan Allahdır. Allahın işinə "nə üçün etdin?" demək olmaz. Bu sualın özünü Allah yaratmışdır. Ona görə də Allah bir şeyi əmr edirsə, insanları sınamaq üçündür və əmrə itaət etmək lazımdır. Kimsə sınaq mövzusunu kənara atıb hikmət, səbəb dalınca düşürsə, bu hökmdən yayınmaq üçün atılan addımdır. Bizim bildiyimiz hikmətlər və səbəblər olmamış deyil, onlardan biri də qadının namus olmasıdır. Heç bir kişi razı olmaz ki, onun qadınının hətta biləyinə, saçlarına başqa kişi baxsın. Deməli, bunlar əslində fəlsəfi baxımdan örtünməli olan yerlərdir. Kim örtülmürsə, müəyyən səbəblərdən, ictimai adətlərə görə bu, sosioloji məsələdir. Müasir dövrümüzdə bütün bəşəriyyət axınının çılpaqlığa doğru getdiyi dövrdə izah etmək bir az çətindir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla