AZ

30 ildir, Şuşa həsrəti ilə yaşayan TANINMIŞ RƏSSAM: "Yaxın günlərdə qayıdırıq və ilk işim..." - REPORTAJ

Həsrətin sonu vüsal olanda gözün dünyadan çəkilir, qəlbin də hüzura qovuşur. Biz bu hissləri illərdi bağrımızı yaran, ürəyimizə od vuran ən böyük həsrətimiz bitəndə - Qarabağ əsl sahiblərinə qovuşanda keçirdik. Gözümüz yollardan çəkildi....

 

İndi isə geridönüş zamanıdır, indi yaddaşımızın tozlu səhifələrini çırpıb yenidən başlamaq zamanıdır. Həm də xoş xatirələr yaratmaq vaxtıdır. Qarabağa uzanan yolların ünvanı da bəllidi, dönüş tarixi də....

 

Beləliklə, “Böyük Qayıdış” prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bura köçürüləcək ilk ailələr də məlum olub. Onlardan biri də yaradıcılığının böyük bir hissəsini Şuşaya həsr edən, 30 ildir torpağından, doğulduğu yerdən didərgin düşən şuşalı, tanınmış rəssam Rövşən Bayramovdur.

 

Sfera.az-ın əməkdaşı sənətkarla həmsöhbət olub, onun xatirələrini, təəssüratlarını öyrənib.

 

 

Əvvəlcə qeyd edək ki, Bayramov Rövşən Mehrab oğlu 9 fevral 1953-cü ildə Şuşa şəhərində həkim ailəsində dünyaya göz açıb. 1960-1970-ci illərdə Şuşa şəhər 4 nömrəli orta məktəbdə oxuyub. 1970-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olub 1974-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib.

 

Rövşən Bayramov 1974-1982-ci illərdə Şuşa şəhər Mədəniyyət evində tərtibatçı rəssam vəzifəsində işləyib, eyni zamanda rəssamlıq işə ilə məşğul olub.

 

O, 8 may 1992-ci ildə Şuşa rayonunun Ermənistan tərəfindən işğalı ilə əlaqədar doğma yurdundan məcburi köçkün düşüb və ailəsi ilə birlikdə Bakı şəhərində müvəqqəti məskunlaşıb, işini davam etdirib. 2021-ci ildə təqaüdə çıxıb.

 

 

Rəssam 1987-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. Rəssamlıqdan mənəvi zövq alan Rövşən Bayramov 2013-cü ildə Fəxri Mədəniyyət işçisi döş nişanına layiq görülüb.

 

Uşaqlıq, tələbəlik, ümumiyyətlə gənclik illəri Şuşada keçən Rövşən müəllim deyir ki, hələ uşaq ikən – 5-6-cı sinifdə oxuyanda rəsm dərnəyinə yazılıb və o vaxtdan bu sənətlə məşğul olub:

 

“Bu illər ərzində Şuşanın demək olar ki, bütün küçələrini, məscidlərini, Cıdır düzünü, Daşaltı dərəsini sulu boya ilə işləyirdim. 7-8-ci siniflərdə oxuyanda Bakıda çoxlu sərgilərim oldu, birinci, ikinci yerlərə layiq görüldüm. Məktəbi qurtardıqdan sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil oldum və bu sənətin sirlərini dərindən öyrənməyə başladım”.

 

Müsahibimiz Şuşadan çıxdığı günü belə xatırlayır:

 

“1992-ci il, mayın 8-dən 9-na keçən gecə, saat 3-ə 10 dəqiqə işləmiş erməni cəlladları Şuşaya hücuma başladı. Biz də o ərəfdə bilmirdik ki, Şuşaya basqın olacaq. Həmin zaman meşənin içərisi ilə iki gün yol gəldik. Laçın dərəsinə çatdıq, oradan da çətinliklə də olsa, özümüzü Bakıya çatdırdıq”.

 

 

30 il müddətində öz təxəyyülü sayəsində Şuşa haqqında 200-300 əsər yaradan sənətkar Şuşanın 17 məhləsi, Cıdır düzü, Topxana meşəsi və digər yerləri barədə çoxlu əsərlər ərsəyə gətirdiyini bildirib. Rövşən Bayramovun həm də dünyanın bir çox ölkələrində sərgiləri təşkil olunub:

 

“Mövzum, əsasən, Qarabağ və Şuşa ilə bağlı idi. Qrafika, rəngkarlıq, sulu boya ilə rəsm əsərləri çəkirdim. Bakıda işlədiyim vaxt Şuşa Dövlət Rəsm qalereyasının direktoru vəzifəsini icra etmişəm. Hər dəfə xarici ölkələrdə sərgilərim təşkil olunanda, əsasən, Qarabağ mövzusunu əsərlərim vasitəsilə nümayiş etdirirdim. Digər insanların da Şuşanın necə yer olduğunu görmələrini istəyirdim, onları qiyabi olsa da, Şuşa ilə tanış edirdim”.

 

R.Bayramov Şuşa şəhərinin azad olunması ilə bağlı xəbəri də sevinclə, həyəcanla qarşıladıqlarını deyib:

 

“2020-ci ilin noyabrın 8-i tarixində hamımız evdə oturub televiziyaya baxırdıq. Ali Baş Komandanın çıxışını, yeni xəbərləri gözləyirdik. Hələ Şuşa ilə bağlı məlumatımız yox idi. Prezident İlham Əliyev Şuşanın erməni təcavüzündən azad olunduğunu deyəndə sevincimizin həddi-hüdudu yox idi. Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk ki, bizi Şuşaya qovuşdurdu”.

 

 

Rəssamın Vətənə qayıtdığı zaman etmək istədiyi, arzusunda olduğu işlər də var:

 

“Bu yaxınlarda Şuşaya ilk gedənlər arasında biz də varıq. Orada bəzi yerlər, məhəllələr var ki, eskiz etsəm də, bitirməmişəm. Odur ki, həmin məhəllələri yenidən işləyəcəm və sərgilərdə nümayiş etdirəcəm”.

 

Gözünüz aydın, Rövşən müəllim. Necə deyərlər, həmişə evinizdə-eşiyinizdə. Gözün aydın Şuşa, həmişə yerində-yurdunda...

 

Günay Rəsulqızı

Fotolar: Anar Bayramlı

Seçilən
77
12
Mənbələr
Şərh ()
Bağla