AZ

Makron Aİ-ni parçalayır...

Fransa prezidenti başqa ölkələrin adından niyə danışır? 

Cənubi Qafqaza müdaxilə cəhdləri uğursuzluqla nəticələnən Fransa təmsil olunduğu Avropa İttifaqını yeni müharibəyə sürükləyir. Belə ki, Fransa prezidenti Emmanuel Makron “The Economist” jurnalına müsahibəsində bildirib ki, Avropa İttifaqına üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib. O qeyd edib ki, bir çox ölkə Fransanın bu məsələdə yanaşmasını başa düşür və düzgün hesab edir. O, müsahibəsində habelə Avropa İttifaqının gələcəyini təhlükə altında qoya biləcək “misilsiz təhlükələr” barədə xəbərdarlıq edib. Makron vurğulayıb ki, Aİ ölkələri nüvə silahına malik olan və Ukraynada müharibəyə başlayan bir ölkə ilə eyni qitədə yaşamalarına baxmayaraq, müdafiəyə hələ də ABŞ və ya Çindən əhəmiyyətli dərəcədə az vəsait xərcləyirlər. Fransa prezidentinin sözlərinə görə elə bir situasiya yarana bilər ki, ABŞ indi olduğu qədər Aİ ölkələrini himayə etmək iqtidarında olmaz və o zaman onlar yalnız öz qüvvələri hesabına müdafiə olunmalı olarlar. Makron deyir ki, Avropaya, o cümlədən iqtisadiyyata, materiallar və enerji ilə təchizatda “strateji muxtariyyət” lazımdır.

Onun sözlərinə görə müttəfiqlər tərəfindən Ukraynaya göstərilən hərbi yardımlara hədd qoyulması, Moskvanın əl-qolunu açır: “Bir çox ölkələr son həftələrdə bizim yanaşmamızla razılaşdıqlarını və onun düzgün olduğunu deyirlər. Ukraynaya NATO qoşunları göndərilməsi ideyasını açıq şəkildə yalnız bir neçə ölkə dəstəkləyib. Qalanları bunu hələ də istisna edirlər”.

Makronun yenidən “əl-ayağa” düşməsi, Avropa üçün yeni təhlükələr “axtarışına çıxması” təsadüfi deyil. Son dövrlərdə özünü Aİ-nin “ən vacib” dövləti statusunda görməsi və özünü bu şəkildə təqdim etmək istəyi Parisə baha başa gəldi. Mərkəzi Asiya və Cənubi Qafqaza yönəlik siyasəti iflasa uğrayan, Afrikadan biabırcasına qovulan, BMT TŞ-nın iclaslarında rüsvay olan Makron hakimiyyəti öz nüfuzunu bərpa etmək üçün min bir yola əl atır. Makron yavaş-yavaş Aİ-nin əsas məsələlərə yanaşmasındakı rolunu itirdiyinin də fərqindədir. Son aylarda Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesində özünün liberal və barışdırıcı mövqeyi ilə önə çıxan Almaniya daha fərqli mənzərə yaradır - Berlin Aİ-nin aparıcı dövləti kimi barışdırıcı funksiyası ilə yadda qalmağa çalışır ki, bu da Fransanı ikinci plana keçirir. Başqa sözlə, artıq Almaniya özünün Aİ-dəki əsas söz sahibi postunu geri qaytarır. Belə olan halda Fransa çıxış yolu tapmaq üçün yenidən “Ukrayna-Rusiya” mövzusuna müraciət etmək məcburiyyətində qalıb. Halbuki bu mövzuya “müraciət” cəmisi 2 ay öncə Makronu gülüş hədəfinə çevirmişdi. Belə ki, Ukraynaya hərbi yardımların azalması fonunda önə çıxmaq fürsəti “yaxaladığını” düşünən Makron bu ilin fevralında Ukrayna ilə bağlı təcili iclas çağırmışdı. Görüşdən sonra isə Fransa prezidenti mətbuata açıqlamasında “pozitiv mesajlar” səsləndirmişdi. Parisdə keçirilən konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilmişdi, lakin orada iştirak edənlər bu mövzuda konsensus əldə etməmişdilər. Makron isə görüşün yekunlarına dair mətbuat konfransında özündən uydurmalar səsləndirmiş və Ukraynaya yönəlik mümkün addımların atılacağı haqda fikirlər bildirmişdi. Açıqlamaların üstündən 24 saat keçməmiş Fransa prezidenti təkzib olundu. Almaniya Kansleri Olaf Şolts Frayburq şəhərinə səfəri zamanı jurnalistlərə müsahibəsində bildirdi ki, Ukraynaya Avropa İttifaqı (Aİ) və ya NATO ölkələrindən hərbçi göndərilməyəcək. Şolts bildirmişdi ki, Makron Alyansın Qərb qüvvələrinin komandanı deyil. O, Ukrayna ərazisinə quru qoşunlarının və ya digər hərbi birləşmələrin hərbçilərinin göndərilməsi ilə bağlı mülahizələri rədd etmişdi. Eyni mövqe İsveçin Baş naziri Kristersson tərəfindən də nümayiş olunmuşdu. Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbçi göndərilməsi fikri ilə bağlı danışarkən baş nazir demişdi ki, bir ölkə dünyanın istənilən nöqtəsinə ordu göndərirsə, bu NATO-nun ümumi qərarı deyil. Baş nazir Kristersson demişdi ki, Emmanuel Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər. Beləliklə, Makron NATO adından çıxış edərək növbəti zərbəsini almışdı. Baş verənlərdən dərs çıxarmayan Fransa prezidenti növbəti dəfə özünü “çətinliyə” salıb. Yəqin ki, bu dəfə də onu təkzib edənlər tapılacaq...

SADİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
Mənbələr
Şərh ()
Bağla