AZ

Öpüş xəstəliyinin simptomları NƏLƏRDİR? - HƏKİM AÇIQLADI

“Xəstəlik yuxarı tənəffüs yollarının viral infeksiyasıdır və müxtəlif viruslardan insan orqanizminə yoluxur. İnfeksion Mononükleoz adlanan öpüş xəstəliyi öpüşmə zamanı tüpürcək vasitəsilə ötürülən Epstein-Barr adlı herpes virusunun yaratdığı yuxarı tənəffüs yollarının viral infeksiyasıdır. Epstein-Barr virusundan başqa digər viruslar da xəstəliyə səbəb ola bilər: adenovirus, sitomeqalovirus (CMV), Hepatit A , Hepatit B və Hepatit C, Herpes simplex virusu(HSV), məxmərək. Öpüşmə ilə birlikdə eyni yerdən yemək yemək və ya eyni stəkandan içmək də öpüş xəstəliyinə səbəb ola bilər". Bu sözləri SİA-ya danışan pediatr Aytən Ziyadova deyib.

Aytən Ziyadova bu xəstəliyin simptomları və müalicə üsulları barədə danışıb: “Öpüşmə xəstəliyinin ümumi simptomları 39-40 dərəcəyə çatan və 10-14 gün davam edən yüksək hərarət, boğaz ağrısı, limfa düyünlərinin şişməsi, udma çətinliyi, dəridə səpgilər, baş ağrısı badamcıqların şişməsi və onların üzərində ağ irin əmələ gəlməsidir. Bunlarla yanaşı qarında toxluq hissi, halsızlıq və iştahsızlıq da müşahidə oluna bilər. Tərkibində ampisilin olan antibiotiklərin istifadəsindən sonra yaranan səpki də bu xəstəliyin göstəricisi ola bilər”.

Pediatr sözlərinə davam edərək bildirib ki, öpüşmə xəstəliyi daha çox 15-30 yaş arası gənclərdə müşahidə edilir: “Uşaqlarda tənəffüs yolu infeksiyası kimi keçdiyi halda, böyüklərdə uzun müddət davam edən yüksək hərarət, boğaz ağrısı, ümumi nasazlıq, əzələ oynaqlarında ağrı və baş ağrısı kimi ağır klinik mənzərə şəklində irəliləyir.

Davamlı hərarət, limfa düyünlərində, dalaq və qaraciyərdə böyümə əlamətləri, limfoma şübhəsi ilə xəstələr zaman-zaman hematologiya şöbəsinə və ya qulaq, burun-boğaz kimi təcili yardım şöbələrinə bir dəfədən çox müraciət edə bilərlər.Öpüşmə xəstəliyinin müalicə variantlarına istirahət, maye qəbulu, ağrı və simptomları aradan qaldırmaq üçün reseptsiz ağrıkəsicilər və ya qızdırmasalıcı dərmanlar daxildir".

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla