AZ

Aleksandr Tarakanov: “İstanbulda ən yaxşısına ümid edirik”

“Güləşçilərim çox yaxşı formadadırlar”.

Bunu İdman.bizə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov deyib.

Təcrübəli mütəxəssis mayın 9-12-də İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıqların yüksək səviyyədə davam etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyədə komandadan çoxu lisenziya qazanacaq: “Ən yaxşısına ümid edirik. Ona görə hər biri çox yaxşı hazırlaşıb və vəsiqə almaq əzmindədirlər. Həm texniki, həm də fiziki olaraq yaxşı təlim-məşq toplanışları keçmişik. Ən yüksək nəticəyə köklənmişik”.

Tarakanov bildirib ki, son lisenziya yarışı olduğu üçün gərgin mübarizə gedəcək: “Güləşçilərimiz zəif deyillər. Onlar qələbəyə və lisenziyaları almağa hazırlaşırlar. Gördüyümüz işə görə ən yaxşı nəticəni gözləyirik. Necə deyərlər, biz ümid edirik, Allah qərar verir. Heyətdə müəyyən dəyişikliklər etmişik. Sınaq görüşləri keçirmişik. Bu qarşılaşmalara əsasən də komanda təşkil etmişik. Onların hər biri yaxşı formadadırlar”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimizin aktivində 2 lisenziya olduğundan İstanbulda 4 güləşçi ilə təmsil olunacaq. Paris-2024-ə vəsiqələr uğrunda Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) mübarizə aparacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla