AZ

Xosep Qvardiola: “Mən “Bayern”i çox sevirəm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola keçmiş klubu “Bayern”in yeni məşqçi axtarışı ilə bağlı vəziyyəti şərh edib.

Arena.az xəbər verir ki, ispan mütəxəssis həmçinin Münhen klubuna münasibətindən danışıb.

“Bayern & Germany” nəşrinə istinadən Qvardiolanın bu barədə fikirlərini təqdim edirik:

“Məşqçi tapacaqlar. Bu, zaman məsələsidir. Onlar düzgün məşqçi seçəcəklər və seçim onların necə oynamaq istədiklərindən, sahib olduqları oyunçulardan və hər şeydən asılı olacaq. Bəzən çətin bir iş ola bilər, amma onlar bunun öhdəsindən gələ bilərlər. “Bayern”in həmişə resursları var. Rəhbərlikdə olan insanlar çox ağıllıdırlar, ona görə də özlərinə uyğun birini tapacaqlar.

Məhz bunu istəyirəm, çünki bu klubu çox sevirəm. Bu şəhərdə çox yaxşı vaxt keçirdim. Hələ də orada çox yaxşı dostlarım var”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, Qvardiola 2013-2016-cı illər aralığında “Bayern”ə rəhbərlik edib. O, bu komandanı 161 oyuna çıxarıb. Münhenlilər bu görüşlərdə 124 qələbə qazanıblar, 16 heç-heçə ediblər, 21 məğlubiyyətə üzülüblər.

Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. Komanda bu müddətdə onun rəhbərliyi altında 468 oyun keçirib, 346 qələbə qazanıb, 57 heç-heçə edib, 65 məğlubiyyətə üzülüb. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 5 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xosep Qvardiola geridə qalmış 2022/2023 mövsümündə “Mançester Siti” ilə “trebl”ə imza atıb – İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
1
Mənbələr
Şərh ()
Bağla