AZ

"Prezident İlham Əliyevin gənclərə güvənməsi təsadüfi deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Zaman dəyişir və hər dövr qarşıya yeni tələblər, yeni çağırışlar qoyur". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən dövlətimiz də öz siyasətini məhz zamanın dəyişən tələblərinə uyğun qurur: "Təbii ki, respublikamızın indiyə qədərki inkişafından, qazanılan uğurlardan kifayət qədər məmnun qalmaq mümkündür.

Amma hərtərəfli inkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. İradəetmədəki islahatlar məhz səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Mən deyərdim ki, bu istiqamətdə işlər hər zaman aktiv fazada olub. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

Bütün sahələrdə şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, kadr islahatlarının davam etdirilməsi, gənclərin yüksək vəzifələrə irəli çəkilməsi dövlət idarəçiliyində hər zaman diqqət mərkəzində olub.

Qeyd edim ki, ölkə Prezidenti dövlət orqanlarında, icra strukturlarında çevikliyi artırmaq üçün həyata keçirdiyi kadr islahatlarının ayrı-ayrı strukturların fəaliyyətində canlanmaya şərait yaradıb.Kadr siyasətində Prezident İlham Əliyevin gənclərə üstünlük verməsi, onlara güvənməsi isə heç də təsadüfi deyil. Son 20 ildə respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilib. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
Mənbələr
Şərh ()
Bağla