AZ

“Heydər Əliyev Fondu Azərbaycan vətəndaşı üçün ümid yerinə çevrilib” - DEPUTAT ŞƏRH ETDİ

“Ötən dövrün təcrübəsi göstərir ki, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada Azərbaycanın müasir dövlətçiliyinin, müstəqilliyinin və gücünün təməlində Heydər Əliyev siyasi kursu dayanır. Heydər Əliyev özünün azərbaycançılıq ideologiyası ilə elə müstəqil Azərbaycan deməkdir. Artıq mübahisəsizdir ki, bu regionda heç bir amil Əliyev kursu qədər tam mənada müstəqilliyimizin qarantına çevrilə bilmir. Bütün yaşananlar, əldə olunan müstəsna nəticələr göstərir ki, Azərbaycan üçün ən doğrusu məhz Heydər Əliyev yolunun davamlılığıdır. Bunun üçün isə Ulu Öndərin irsini dərindən öyrənmək zərurətdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, 20 il əvvəl Ulu Öndər irsini yaşadan, öyrənən və öyrədən Heydər Əliyev Fondunu da məhz bu zərurət meydana çıxardı: “Əminliklə deyə bilərik ki, Fond birinci xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin arzuladığı dövlət quruculuğunda nəinki aktiv rol almağı bacardı, hətta bir sıra istiqamətlərdə, o cümlədən sosial-mədəni və humanitar sahələrin inkişafında aparıcı mövqe tutdu. Daha da konkretləşdirsək, Heydər Əliyev Fondunun yaranması və Fondun Mehriban xanım Əliyevanın uğurlu rəhbərliyi ilə fəaliyyəti Azərbaycanın elm, təhsil və mədəni həyatında yeni səhifələr açıb, cənab Prezidentin rəhbərliyi altında başlanan islahatların qeyd edilən istiqamətlərdə daha çevik və daha səmərəli reallaşması üçün zəmin yaradıb və hətta hərəkətverici qüvvəsinə çevrilib. Yalnız onu demək kifayətdir ki, Heydər Əliyev Fondunun yarandığı 20 il ərzində, 1918-ci ildən Fondun yarandığı dövrə qədərki müddətdə tikilən məktəblərin sayından bir neçə dəfə çox məktəb inşa edilib. Səhiyyə sistemi, demək olar ki, tamamilə yeni dönəminə qədəm qoyub, ən müasir səhiyyə infrastrukturu formalaşdırılıb, eyni zamanda tibb xidmətinin əlçatanlığı və inklüzivliyi təmin olunub. Habelə mədəniyyət və incəsənət sahəsində Azərbaycan tarixinin heç bir dövründə olmadığı qədər əsaslı dönüşə nail olunub. Muğam və aşıq sənətinin timsalında milli incilərimiz nəinki yenidən dirçəlib, üstəlik dünya irsinin qiymətli nümunələri kimi tanıdılıb. Mədəniyyət və incəsət xadimlərinin sosial rifahının gücləndirilməsi, bütövlükdə humanitar sahədə menecmentin milli xarakter nəzərə alınmaqla beynəlxalq standartlara uyğunlaşdırılması təmin olunub”.

Deputat vurğulayıb ki, Heydər Əliyev Fondunun titanik uğurlarının kökündə, heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın Ulu Öndərin azərbaycançılıq ideologiyasına sədaqəti dayanır: “Təsadüfi deyil ki, münaqişə dövründə, ələlxüsus Vətən müharibəsi və antiterror tədbirləri zamanı milli həmrəyliyin güclənməsi prosesində Mehriban xanım Birinci vitse-prezident kimi fəaliyyəti ilə yanaşı, həm də Heydər Əliyev Fondunun praktik addımları ilə möhtərəm cənab Prezidentin əsas silahdaşı kimi qələbəmizdə müstəsna rol oynadı. Birmənalı şəkildə demək olar ki, Vətən müharibəsində möhtərəm cənab Prezident müzəffər Ali Baş Komandan olaraq hərbi-siyasi və diplomatik savaş apararkən arxa cəbhənin mənəvi və bir çox hallarda maddi yükü Mehriban xanım Əliyeva və rəhbərlik etdiyi Fondun üzərinə düşdü. Mehriban xanım bu dövr ərzində hər bir şəhid ailəsinin, hər bir müharibə əlili və döyüşlərin iştirakçısının ümid yerinə çevrildi. Bildiyiniz kimi, hazırda Böyük Qayıdış prosesinin ilkin mərhələsi kimi işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa prosesi həyata keçirilir və cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bütün işlər Azərbaycanın öz gücü və imkanları hesabına aparılır. Heydər Əliyev Fondu bu prosesdə də aktiv rol almaqdadır. Məlumdur ki, Zəfərdən cəmi 8 gün sonra Mehriban xanım Əliyeva cənab Prezidentlə birlikdə mina təhlükəsi və digər ağır şərtlərə baxmayaraq işğaldan azad olunmuş bölgələrə səfər edərək tariximizin ən irihəcmli quruculuq-bərpa prosesində, mədəni-tarixi, habelə dini abidələrin bərpası prosesində təşəbbüsləri ələ aldı. Bu gün zərgər dəqiqliyi və ürək yanğısı ilə yenidən həyata qaytarılan, yaxud yenidən inşa edilməkdə olan çoxsaylı məscidlərimiz və digər abidələrə məhz Heydər Əliyev Fondu ikinci həyat verməkdədir.

“Heydər Əliyev Fondu Azərbaycan vətəndaşı üçün həm də ümid yerinə çevrilib. Möhtərəm Prezidentin özünə ünvanlanan müraciətləri çıxmaq şərti ilə, Fonda ünvanlanan məktublar ümumilikdə bütün digər strukturlara ünvanlanan məktublardan daha çoxdur. Bu, Mehriban xanıma və rəhbərlik etdiyi Fonda olan inamın, güvənin göstəricisidr. Eyni zamanda Azərbaycan cəmiyyətinin tarixi dəyərlərə əsaslanan xeyriyyəçilik ənənələri Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Bu gün nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu Fond ən böyük xeyriyyəçidir.

Qeyd edilənlərin yanı sıra, bu gün ölkə daxilində və Azərbaycandan xaricdə, Pakistandan Fransaya qədər geniş arealda Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycan tarixinin qızıl səhifələri hesab olunur və fəaliyyətin çoxşaxəliliyi, sözün əsl mənasında, uğur hekayəsi sayılmalıdır.

Bu mənada yaradılmasının 20-ci il dönümüdə Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva Ulu Öndərin irsini dahi Liderin adına layiq formada, ləyaqətli yaşatdığı üçün ən səmimi minnətdarlığı haqq edir”,- deyə deputat əlavə edib.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq