AZ

“Azərbaycanın əldə etdiyi bütün uğurlarda Ulu Öndərin izi görünür” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bütün xalqların tarixində və taleyində mühüm rol oynayan, onların inkişafını təmin edən liderlər olub və həmişə də olacaq. Amma bəşər tarixində öz xalqının manefeyi naminə tarixin, nəhəng ictimai-siyasi proseslərin axarını dəyişən, tarix yaradan şəxsiyyətlərin sayı çox azdır. Belə şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Ümummilli Liderin ilk dəfə siyasi hakimiyyətə gəlişindən sonra, qeyri-rəsmi olaraq SSRİ-nin “ucqar əyalət-respublikası” statusunun daşıyıcısı olan, ittifaq daxilindəki siyasi və mədəni proseslərdən kənarda saxlanılmış Azərbaycanda milli inkişaf mərhələsinin əsası qoyulub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, Heydər Əliyevin 1969-cu ilin iyulun 14-dən başlayaraq atdığı bütün addımları, qəbul etdiyi bütün qərarları sıralasaq, dərin qatlarda onların bir-biri ilə bağlı olduğunu və vahid bir strategiyaya söykəndiyini müəyyənləşdirə bilərik: “Ulu Öndər rəhbərliyə gəlişi ilə, ilk növbədə, Azərbaycanın əsasən aqrar respublikadan sənaye ölkəsinə çevrilməsi istiqamətində addımlar atdı. Azərbaycan üçün ənənəvi olan neft sektoru daha da gücləndirildi, təkcə paytaxt Bakıda deyil, Sumqayıt, Gəncə kimi şəhərlərdə iri sənaye müəssisələri açıldı. Regionlarda da sənaye və emal müəssisələrinin yaradılması istiqamətində ciddi addımlar atıldı, böyük infrastruktur layihələri reallaşdırıldı. Bütövlükdə Azərbaycanın milli iqtisadiyyatının sovet təsərrüfat sistemi çərçivəsində olsa belə, əsası qoyuldu.

Digər tərəfdən, Azərbaycan Heydər Əliyevin iti zəkası, çevikliyi və prinsipiallığı nəticəsində SSRİ-nin iqtisadi-siyasi və mədəni mərkəzlərindən birinə çevrildi. SSRİ-nin siyasi-ideoloji sisteminin nə qədər əzici və qəddar olduğunu bilən və həmin dövrün kataklizmlərindən keçən insanlar, 70-ci illərdə Azərbaycan xalqının öz tarixi köklərinə qayıtmasına xidmət edən bir siyasət yürüdülməsinin nə qədər çətin olduğunu yaxşı anlayırlar. Heydər Əliyevin SSRİ-dəki xalqların çoxmədəniyyətliliyi, bütövlükdə mədəniyyət çətiri altında həyata keçirdiyi milli inkişaf siyasətinin nə qədər dəqiq düşünülmüş bir strategiya olduğunu da həmçinin, yaxşı başa düşürlər. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan ədəbiyyatına münasibətdə bütöv bir yanaşma ortaya qoyuldu. Dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan azərbaycanlıların əsərləri dərindən araşdırıldı, ədəbi bağların bərpa edilməsi istiqamətində mühüm addımlar atıldı.

SSRİ-nin süqutuna qısa bir müddət qalmış, öncə Qarabağın Azərbaycandan qopardılmasına qarşı başlayan etirazların, daha sonra isə müstəqillik hərəkatının iştirakçıları həmin dövrdə yaranan ədəbiyyat nümunələrinin, filmlərin təsiri altında formalaşmışdılar. Bəziləri bunu dərk etmək istəməsələr də, amma göz önündə olan faktlar Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan xalqını müstəqil yaşamağa hazırladığı təkzibolunmaz reallıqdır. Bu sıraya Azərbaycan dilinin inkişafı, tariximizin öyrənilməsi, hərb sahəsi başda olmaqla bütün sahələr üzrə milli kadrların hazırlanması istiqamətində atılan ardıcıl addımları da əlavə etsək, Heydər Əliyevin işıqlı zəkasının illərin arxasından necə aydın göründüyünün şahidi ola bilərik.

Dövlətin gələcəkdə müstəqil yaşaması, inkişafı üçün vacib olan amillərdən biri də kadr potensialı ilə bağlı idi. Ümummilli Lider bu istiqamətdə də strateji qərarlar qəbul etdi və uğurlu nəticələr əldə etdi. Əgər 1969-cu ilədək hər il respublikamızdan kənarda təhsil almağa göndərilən gənclərin sayı cəmi 47 nəfər idisə, Ulu Öndərin səyləri nəticəsində bu rəqəm 1000-1400 nəfərə çatdırıldı. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc təhsil aldı. Bugünkü müstəqil Azərbaycanın qurulmasında da məhz həmin gənclər aparıcı mövqelərdə dayanıblar.

Dövlətin çox vacib atributlarından biri də onun silahlı qüvvələridir. Kimsəyə sirr deyil ki, 1969-cu ilədək azərbaycanlıların ali hərbi məktəblərdə oxumasına böyük qısqanclıqla yanaşır, xalqımızın nümayəndələrinin hərbi bilik və vərdişlərə yiyələnməsinə süni maneələr yaradırdılar. Heydər Əliyev bu sahədə də bütün maneələri dəf etdi. Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb, Azərbaycan Pedaqoji İnstitutunda ibtidai hərbi hazırlıq və fiziki təlim fakültəsi yaradıldı. Yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali hərbi məktəblərinə göndərildi. Təkcə 1982-ci ildə 550 azərbaycanlı gəncin SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə göndərildiyini nəzərə alsaq, bu sahədə əldə olunan nəticələrin sərhədlərini müəyyənləşdirmək olar.
Əgər bir xalqın milli şüuru oyanmayıbsa, dövlətçilik yaddaşı bərpa olunmayıbsa, onun içərisindən nə qədər hərbçi, mütəxəssis, alim, mədəniyyət və ədəbiyyat adamı çıxırsa çıxsın, son nəticədə, başqalarının mənafeyinə xidmət edəcəkdi. Ulu Öndər geniş dünyagörüşünə, iti və çevik zəkaya, möhkəm iradəyə malik bir dövlət adamı kimi bunu yaxşı bilirdi və bu səbəbdən də milli şüurun oyanması, dövlətçilik yaddaşının bərpa olunması üçün olduqca incə bir siyasət həyata keçirirdi. Azərbaycan ərazisində mövcud olan dövlətlərin, o cümlədən Azərbaycan Səfəvi dövlətinin tarixi ciddi şəkildə araşdırılırdı. Azərbaycan xalqının qədim dövlətçilik ənənələrinin yer aldığı filmlər çəkilir, əsərlər yazılırdı. Azərbaycanı, azərbaycançılığı, paytaxt Bakını və qədim şəhərlərimizi, milli qəhrəmanlarımızı vəsf edən mahnılar bəstələnir və onların təbliği üçün böyük işlər görülürdü. Azərbaycan xalqının özünəinam hissi özünə qaytarılırdı. 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması isə Azərbaycan xalqının milli kimliyinin hüquqi müstəvidə təsdiqi idi.

Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə dövlət qurmaqdan daha çox qurduğu dövləti xilas etməyə və dövrün tələblərinə uyğunlaşdırmağa gəldi və buna nail oldu. Bu gün hər kəs Ulu Öndəri böyük hörmət və məhəbbətlə anır. Azərbaycan xalqı və dövləti var olduqca Heydər Əliyevin nəhəng tarixi xidmətləri unudulmayacaq, Azərbaycanın əldə etdiyi bütün uğurlarda onun izi görünəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla