AZ

Rusiyanın Belarusda tikdiyi nüvə silahı anbarı tapıldı

Rusiyanın 2023-cü ildən Belarusda inşa etdiyi nüvə silahı anbarı aşkarlanıb. Baza kiçik Osipoviç qəsəbəsinin yaxınlığında yerləşir.

HİT.az xəbər verir ki, bu barədə "The New York Times" "Maxar"ın əldə etdiyi peyk görüntülərinə istinadən yazır.

Məlumata görə, ərazidə tikinti işləri 2023-cü ildən aparılır və Rusiyanın orada nüvə silahı saxlamaq niyyətində olduğunu aydın göstərən bir neçə xarakterik detal var. Nəşrin yazdığına görə, Sovet dövründə tikilmiş hərbi obyektin ətrafında Rusiyanın nüvə anbarları üçün unikal təhlükəsizlik tədbirləri görülüb.

O cümlədən, ərazinin ətrafında üç sıra hasarlar çəkilib. ABŞ Müdafiə Nazirliyinin keçmiş rəsmisi Uilyam Mun deyir ki, bu, ərazinin nüvə silahlarının saxlanması üçün hazırlandığının açıq əlamətidir. O, əvvəllər nüvə başlığı təhlükəsizliyi məsələlərində Rusiya ilə əməkdaşlıq edib.

Bazanın girişində nəzarət-buraxılış məntəqəsi tikilib. ABŞ-da yerləşən Middleburi İnstitutunun nüvə silahları üzrə eksperti Maykl Duitsmanın sözlərinə görə, bu, digər Rusiya bazalarında olmayan xüsusiyyətdir.

Məlumatda o da qeyd olunub ki, obyektdəki yükləmə meydançası peyk görüntülərindən gizlədilməsi üçün dam örtüyü ilə təchiz edilib. Platformanın nüvə silahlarının saxlanması üçün ideal olan Sovet dövründən qalma yeraltı bunkerlərə apardığı güman edilir.

Bundan əlavə, ötən ilin ortalarında obyektdə hava hücumundan müdafiə sistemi quraşdırılıb.

"Bütün bu tədbirlər Rusiyanın nüvə silahı anbarları üçün xarakterikdir", deyə New York Times" qeyd edir. 

Uilyam Mun iddia edir ki, o, keçmişdə Rusiya nüvə bazalarında obyektlərin oxşar modernləşdirilməsini görüb.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
hit.az

10Mənbələr