“Büdcənin məzmununa baxsaq, bu, postmüharibə dövrünün büdcəsidir, məntiqi surətdə onun prioritetləri də həmin istiqamətlərdə olmalıdır. Amma sosial proseslərin tənzimlənməsinə yetərincə vəsaitin ayrılması iki qoşa qanad kimi olmalıdır. Mənim qısa olaraq qeyd etmək istədiyim hissələr var. Birinci, deməli, proqnozlardan ümumi daxili məhsulun artımı əvvəlcə 3,5 faiz proqnozlaşdırılmışdı, sonra 1,8 faizə endirildi. 10 ayın göstəricilərinə görə isə 0,5 faizdir. Güman ki, bu proqnozların heç biri özünü doğrultmayacaq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədr müavini Əli Məsimli bildirib.
“Ona görə də gələn ilin 2,4 faiz və Mərkəzi Bankın da bundan da artıq proqnozlarının özünü doğrultması üçün əlavə hansı tədbirlərin görülməsinə ehtiyac var deyə düşünmək lazımıdır. Bu istiqamətdə aidiyyəti orqanların fikirləşməsi çox vacibdir.
İnflyasiya proqnozu ilə bağlı da qeyd etmək istərdim ki, adətən payız və qış aylarında qiymətlər aşağı düşmür, qalxır. Deməli, yaya qədər İki rəqəmli inflyasiyanı süni surətdə azaltmasalar, ilin sonuna bir rəqəmli olmayacaq. Ona görə də bu haqda da düşünmək lazımdır ki, məhz gələn ilin bu proqnozları istiqamətində necə eləmək lazımdır ki, bir rəqəmli özünü doğrutsun.
Beynəlxalq Valyuta Fondu artıq keçən dəfə qeyd etmişdik ki, qarşıdakı iki İldə hələlik, qlobal inflyasiyanı, regional inflyasiyanı doğruldan amillərin əksəriyyəti özünün fəaliyyətinin pik nöqtəsində davam edəcək.
Belə bir şəraitdə Beynəlxalq Valyuta Fondu artıq bu inflyasiyanı səngitməkdən ötrü banklara tövsiyə edir ki, uçot dərəcələrini sərtləşdirsin. Amma Azərbaycanda uçot dərəcələri yumşaldılır. Bu, bir az fikirləşmək üçün əlavə material verir ki, Azərbaycan hansı siyasəti yeritməlidir, həm qlobal etməli kontekstdə olan proseslərlə sinxronlaşdıra bilsin, digər tərəfdən də uçot dərəcələri də aydınlıq gətirilsin”,- deyə deputat bildirib.