Foqtsdan De Byaziyə - nə dəyişdi?
Dünən AFFA İcraiyyə Komitəsinin iclasında millinin baş məşqçisi Canni De Byazi ilə yolların ayrılması qərara alındı. İtalyan mütəxəssis müqavilə müddətini başa çatdırdı və yığma ilə vidalaşdı.
De Byazi 2020-ci ildən tutduğu postda 1210 gün qaldı. İtaliyalının rəhbərliyi dövründə 39 oyuna çıxan yığma cəmi 10 qələbə qazandı, 34 qol vurdu. 21 dəfə məğlub oldu, 56 qol buraxdı. (transfermarkt)
De Byazi alman mütəxəssis Berti Foqtsdan (2390 gün) sonra yığmaya ən uzun müddət rəhbərlik edən 2-ci əcnəbi məşqçi oldu. 2008-2016-cı illərdə yığmanın baş məşqçisi olan Foqts 70 oyunda 15 qələbə qazandı, 56 qol vurdu, 33 dəfə məğlub oldu, 102 qol buraxdı. (transfermarkt)
AFFA rəhbərliyi hər iki əcnəbiyə kifayət qədər vaxt versə də, nə nəticə dəyişdi, nə futbol. Yenə seçmə mərhələlərdə sonuncu olmamaq üçün oynayır, təsadüfi qələbələrlə övünürük. Foqtsa 6, De Byaziyə 3 il vaxt tanıyan futbolun başbilənləri yerli məşqçi Qurban Qurbanova 1 illə kifayətləndilər.
İndi yenə baş məşqçi ayrılığı gerçəkləşib və illərdir olduğu kimi yeni yerli/əcnəbi müzakirəsi başlayıb. Yığma tarixinə nəzərə saldıqda, yerlilər və əcnəbilərin aşağı-yuxarı eyni xalları, nəticəni əldə etdiyinə şahid olarıq. Bəs nə dəyişməlidir?
Köklü islahat, uşaq futboluna ciddi nəzarət və savadlı kadrların artırılması, şərait, bölgələrdə futbolun kütləviləşməsinin sürətini artırmaq, futbolu futbolu bilənlərə tapşırmaq və s. Problemlər çox, həll yolunu düşünənlər azdır. Kimə necə sərf edəcəksə...
Şahin Cəfərov