Nəhayət Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi yola salındı. Uğursuz idarəçiliyi və yekəxana davranışıyla xatırlayacağımız italyan mütəxəssis AFFA İcraiyyət Komitəsinin ötən gün baş tutan fövqəladə iclasında hesabat verdikdən sonra federasiya rəhbərliyinə postunda qalmaq istəmədiyini bildirdi.
İK üzvləri nə əcəbsə, De Byazinin fikrindən döndürməyə çalışmadılar. 1 saatlıq çək-çövürdən sonra 67 yaşlı mütəxəssisə yeni müqavilənin təklif edilməməsiylə bağlı qərar verildi və yeni baş məşqçinin axtarışlarına başlandı.
Bizdə belə adət var, gedəni arxasınca istədikləri kimi danışırlar. İclas bitən kimi İK üzvlərinin mətbuatda boy-boy açıqlamaları görünməyə başladı. Adət üzrə "günah keçisi" tapmışdılar – De Byazi. Onun Azərbaycan dilində bilmədiyini nəzərə alsaq, federasiya funksionerləri üçün istənilən fikri bildirmək asanlaşır. AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov da açıqlamasıyla gündəmə gəlib:
“Getməsinin tərəfdarıydım. Mən heç onun Azərbaycana gəlməsinin də tərəfdarı olmamışam. Bütün müsahibələrimdə ona qarşı olduğumu, millini yerli mütəxəssislərin çalışdırmasını istədiyimi demişəm. Ümumiyyətlə, De Byazinin müqavilə müddəti indiyə qədər artırılmamalıydı”.
Sadıqovun bu açıqlamasından sonra yaddaşımızı təzələmək qərarına gəldik. Axı Vaqif bəyin nə vaxtsa belə açıq danışdığını görməmişdik. Arxivi vərəqlədikcə, gördüklərimiz bizim yanılmadığımızı göstərdi.
17 Noyabr 2021-ci il - AFFA-nın vitse-prezidenti, AFFA məşqçilər Şurasının sədri, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun ölkə mətbuatına müsahibəsindən sitatlar:
“Təkcə baş məşqçini dəyişməklə (red - Canni de Byazini nəzərdə tutur) nəsə düzələrsə, bu, ən rahat yoldur. Hesab edirəm ki, kompleks şəkildə işlər görülməlidir. Təməli gücləndirib, bağlılıq yaratmaqla istəyimizə nail ola bilərik. De Byazi ayın sonuna qədər millimizin baş məşqçisidir. Onun işinə hörmətlə yanaşmaqla vaxtı gözləməliyik. İlk növbədə onun hesabatı dinlənilməlidir. Daha sonra gələcək addımlar barədə düşünməliyik.
Təhlil aparsaq, görərik ki, əvvəlcə 5, daha sonra 7 və Foqtsla 9 xal əldə olundu. Prosineçkinin zamanında isə daha yüksək – 10 xal topladıq. Sonradan enişə məruz qaldıq və qrupda cəmi 1 xala sahib olduq. Bu üzdən çox ciddi müzakirələr aparılmalıdır. İlk növbədə səbəbi araşdırıb tapmaq lazımdır. Hər komandanın yüksəlişi və enişi olur. Ancaq bu, xeyli vaxtdır davam edir. De Byazi və ya onu kim əvəz edərsə, futbolumuza xeyir verməlidir.