Ötən həftə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc rəhbərlik etdiyi komitənin iclasında ölkədə konstitusiya referendumunun keçirilməsini gündəmə gətirib.
“Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışlara yeni referendumun keçirilməsi də daxildir”, - millət vəkili bildirib.
Z.Oruc vurğulayıb ki, bu il həmçinin Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür: "Nəzərə alsaq ki, Konstitusiyaya dəyişikliklər məsələsi parlamentdə tez-tez qaldırılır. Bu kimi çağırışlar və baxışlar aktualdır".
Xatırladaq ki, ötən 23 il ərazində Azərbaycan Konstitusiyasına 3 dəfə (2002, 2009, 2016) dəyişikliklər həyata keçirilib. Bu zaman əsasən ölkənin siyasi sistemi ilə bağlı məsələlərə baxılıb. Seçki sistemi, Prezidentin, Nazirlər Kabinetinin və Milli Məclisin səlahiyyətləri ilə bağlı dəyişikliklər aparılıb.
Konstitusiya dəyişikliyinin vacibliyi bir neçə ildir deputatlar, siyasi ekspertlər, partiya sədrləri tərəfindən mediada, müxtəlif ictimai çıxışlarda səsləndirilir. Əsas səbəb kimi, 44 günlük Vətən müharibəsində qələbədən, 2023-cü ilin sentyabrında Qarabağda suverenliyin təmin olunmasından sonra Azərbayanın regionun nüfuzlu oyunçularından birinə çevirilməsi göstərilir. Qeyd olunur ki, ölkənin Konstitusiyada əxz olunan hədəflərinin yenidən dəyərləndirilməsinə, siyasi, idarəetmə sistemində islahatların aparılmasına ciddi ehtiyac var.
Beləliklə, Konstitusiya referendumunun keçirilməsinə bir neçə təməl zərurət var:
Siyasi islahatlar - hakimiyyət qollarının səlahiyyətləri, onların qarşılıqlı əlaqələrinin konstitusion əsaslarına yeni baxış. Bura iki palatalı Milli Məclisin yaradılması (Senat və aşağı palata) və say tərkibinin genişləndirlməsi, Nazirlər Kabineti və vitse-prezidentlik institutu arasında səlahiyyətlərinin dəqiqləşdirilməsi və s.
İdarəetmə islahatları:
- Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi və yeni konstitusiyaya uğunlaşdırılması;
- Xüsusi nümayəndəlik institununun konstitusion əsaslarının yaradılması və səlahiyyət dairəsinin müəyyənləşdirilməsi;
- Yerli icra hakimiyyətindən iqtisadi zonaların sayına və coğrafi bölgüsünə uyğun regional idarəçilik sisteminə keçidin təmin olunması;
- Bələdiyyələrin yerli idarəçilikdə rolunun artırılması və s.
Dünyada baş verən geosiyasi dəyişikliklərin təsiri altında regionda formalaşan yeni siyasi reallıqlar da Azərbaycana öz imkanlarını yenidən dəyərləndirmək fürsəti verir. Məsələn, Azərbaycan xarici hərbi bazalara münasibətdə ənəvəvi yanaşmasını dəyişə bilər. Daha çevik qərarların qəbul olunması üçün Prezident, Parlament institutları konstitusion səlahiyyətlər əldə edə bilər.
Yaxud, dünyada beynəlxalq ticarət, nəqliyyat dəhlizlərinin önəmin artmasına görə Azərbayanın bu sahədə unikal coğrafi, siyasi imkanlarının yenidən dəyərləndirilməsi də mümkündür. Ölkənin əsas xarici inteqrasiya prioriteti kimi seçdiyi Türk Dövlətləri Təşkilatı ilə bağlı məsələlər də Konstitusiyaya əlavə edilə bilər.
Bir məsələnin də xüsusi vurğulanmasına ehtiyac var: Azərbaycanın erməni işğalına son qoyması, bədnam “miatsum” ideologiyasına ağır zərbə endirməsi, keçmiş SSRİ tərəfindən qoparılaraq Ermənistana verilmiş tarixi əraziləri ilə bağlı haqlı iddialar qaldırmasına səbəb olub. Hazırda Ermənistanla aparılan sülh danışıqlarının bir hissəsi Qərbi azərbaycanlıların hüquqlarının bərpası, onların öz yurd-yuvalarına dönmək immkanı ilə bağlı İrəvanın üzərinə öhdəliklər götürməsi ilə bağlıdır. Azərbaycan Konstitusiyasının dövlətin tarixi ərazilərə mənəvi, siyasi təsirini formalaşdırmaq üçün hüquqi əsaslar yaratması da mümkündür...
Azərbaycan Respublikası dünyanın hər yerində yaşayan azərbaycanlıların Vətənidir. Ölkə Konstitusiyası onların hüquqlarının qorunması, dəstəklənməsi, müdafiəsi, habelə Azərbaycanda rahat fəaliyyəti üçün təminatlar da verməlidir. Bu, qarşıya qoyulan böyük hədəflərə çatmağın əsas şərtlərindən bidir.
AzPolitika.info