AZ

Uğurlu dövlət siyasəti gənclər üçün geniş imkanlar yaradır » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Azərbaycan dövləti hər zaman gənclərə böyük diqqət və qayğı ilə yanaşıb. Respublikamızın inkişafı və həyata keçirilən uğurlu gənclər siyasəti gənc nəslin də yüksəlişi və cəmiyyət həyatının bütün sferalarında fəaliyyət göstərə bilmələri üçün geniş imkanlar açıb. Ona görə bu gün hər bir sahədə yüksək biliklərə, intellektual dünyagörüşünə malik, Azərbaycanı dünyada layiqincə təmsil edən gənclərə rast gəlmək mümkündür.
Respublikamızda uğurlu gənclər siyasətinin əsasını xalqımızın Ulu Öndəri Heydər Əliyev qoyub. Gənclərlə bağlı məsələlər hər zaman Heydər Əliyevin nəzarətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Fevral ayının 2-nin Azərbaycanda Gəncləri Günü kimi qeyd edilməsi də Ulu Öndər Heydər Əliyevin gənc nəslə gösğərdiyi diqqətin və etimadın göstəricisidir. Qeyd edək ki, Ulu Öndərin iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu respublikamızda gənclər siyasətinin tamamilə yeni mərhələyə qədəm qoymasına yol açıb. Birinci Forumdan sonra gənc istedadların «Qızıl kitabı»nın təsis edilməsi, adları “Qızıl kitab”a yazılan gənc istedadlar üçün xüsusi təqaüdlərin ayrılması, fevral ayının 2-nin təqvimə "Azərbaycan Gəncləri Günü"nün daxil edilməsi, müxtəlif proqramların həyata keçirilməsi gənclər hərəkatının inkişafına təkan verib. 2002-ci ildə isə Milli Məclisdə «Gənclər siyasəti haqqında» qanun qəbul edilib. Gənclərlə bağlı xüsusi bir qanun olması bir daha təsdiq edir ki, gənclərlə bağlı məsələlər dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu siyasətin həm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. Ötən 21 ilin mənzərəsinə nəzər salanda gənclərlə bağlı nə qədər böyük və əhatəli işlərin həyata keçirildiyini görmək mümkündür.
Bu dövrdə ardıcıl şəkildə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, 2007-ci ilin "Gənclər ili" elan olunması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi, Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətə başlaması, ölkəmizin hər yerində «Gənclər Evi»nin yaradılması, gənc ailələrin sosial qayğılarının dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi məhz gənclərin inkişafına, cəmiyyətdə öz layiqli yerlərini tutmalarına, qayğılarının aradan qaldırılmasına hesablanmış addımlardır. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü ildə ilk dəfə olaraq “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsidir. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə verilən bu mükafat gənclərə göstərilən ali diqqətin göstəricisidir.
Gənclərə diqqət və qayğıdan, onların inkişafı ilə bağlı görülən işlərdən bəhs edərkən Heydər Əliyev Fondunun töhfələrini də xüsusi qeyd etməliyik. Çünki Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu bir sıra istiqamətlər üzrə müxtəlif təyinatlı layihələr icra edir. Bu baxımdan gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasında və inkişaf etdirilməsində, o cümlədən uşaqların və gənclərin hərtərəfli biliklərə malik layiqli vətəndaş kimi formalaşmalarında Heydər Əliyev Fondunun xidmətləri misilsizdir.
Azərbaycanda gənc kadrların idarəçilikdə irəli çəkilməsi də dövlət gənclər siyasətinin əsas göstəricilərindən biridir. Bu istiqamətdə mühüm tədbirlərdən biri olan “Yüksəliş” müsabiqəsinin təsis edilməsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasında böyük rol oynayır.
Dövlət gənclər siyasətinin diqqətçəkən uğurlarından biri də gənclərin xarici ölkələrdə təhsilinin xüsusi diqqət mərkəzində saxlanılmasıdır. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub. Hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" uğurla icra olunur. Göründüyü kimi “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərimizin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları uğurla təmin olunur.
Uğurla reallaşan dövlət gənclər siyasətinin nəticəsi kimi ötən 21 ildə gənclərin inkişafında, təhsilində, məşğulluqlarının təmin edilməsində, gənc nəslin cəmiyyət həyatının bütün sferalarında təmsilçilik səviyyələrində pozitiv dəyişikliklər baş verib. Bu siyasətin nəticəsidir ki, Azərbaycan gənci həm də vətənpərvərdir, milli dəyərlərə bağlıdır. Dövlətə, xalqa sədaqət ruhunda yetişən, formalaşan gənclərimiz 44 günlük müharibədə və antiterror tədbirlərində Vətənə xidmətin ən böyük nümunələrini yaratdılar. Torpaqlarımızın işğaldan azadlığı uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızın böyük hissəsi məhz gənclərimiz idi.
«Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir” – deyə Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bildirib.
Gənclərimizin rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, xalqımız tarixi torpaqlarına qovuşdu. Onlar öz igidlikləri ilə sinələrində daşıdıqları vətən sevgisini nümayiş etdirdilər. Şəhid gənclərimizin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq.
Gənclərimizin vətənpərvərliyini nümayiş etdirən mühüm faktorlardan biri də onların idmançı kimi ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmələridir. Bu gün nüfuzlu idman yarışlarında Azərbaycanın adını ucaldan, bayrağımızı yüksəldən, himnimizi səsləndirən idmançılarımızın əsas qismi məhz gənc nəslin nümayəndələridir.
Bütün bu qeyd olunanlar Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərə göstərilən böyük etimaddan xəbər verir. Bu siyasət gənclər üçün geniş imkanlar yaradır. Əminik ki, göstərilən diqqəti, qayğını və etimadı layiqincə dəyərləndirən gənclərimiz bundan sonra da təmsil olunduqları bütün sahələrdə fəal olacaq, layiqli vətəndaşlar kimi dövlətimizin və xalqımızın maraqlarının keşiyində dayanacaqlar.
Seçilən
1
2
azadmedia.az

3Mənbələr