Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxs Yusifov Namik Səlim oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizli Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik “Xanbulaq” əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.
XXX
Həmçinin, Bakı şəhəri, H.Mirzəyev küçəsi 1069 ünvanında yerləşən, “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Həmçinin qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb.
Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.