AZ

Azərbaycan zəhmətkeşinin əmək hüquqları: keçmiş və bu gün

Son bir neçə ildə Azərbaycan zəhmətkeşi müharibə, qiymət artımı və pandemiya kimi çətinliklərlə üzləşib. Bu problemlər o qədər böyükdür ki, zəhmətkeş özünün ən vacib hüquqlarından biri olan əmək hüquqlarının nə vaxt məhdudlaşdırıldığını belə xatırlaya bilmir. Əslində isə son 30 ildə Azərbaycan zəhmətkeşinin (burada mən sadə işçiləri nəzərdə tuturam, oliqarxların biznesini idarə edən sahibkarları və ya iş adamlarını deyil) əmək hüquqları tədricən məhdudlaşdırılıb.

 

Əgər əvvəllər işçinin işdən çıxarılması üçün işəgötürən bir neçə dəfə düşünüb-daşınmalı, hüquqi prosedurlara əməl etməli idisə, son illərdə işbazların təkidi ilə Əmək Məcəlləsinə edilən dəyişikliklər (məsələn, ƏM-nin 70-ci maddəsinin "Ç" bəndi), Nazirlər Kabinetinin 1999-cu il tarixli 170 saylı qərarının ləğvi və ya bəzi sahələrdə müddətli əmək müqaviləsinin bağlanmasının qadağa qoyan qanunun dəyişilməsi kimi dəyişikliklər sadə zəhmətkeşin hüquqlarını "qul hüquqlarına" yaxınlaşdırıb.

 

Bundan əlavə, son 10-12 il ərzində Həmkarlar İttifaqlarının və Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətsizliyi nəticəsində hətta SOCAR kimi nəhəng qurumlara daxil olan təşkilatlarda belə işçilər üçün elementar sanitar qovşaqlar və yuyunma otaqları mövcud deyil. Belə bir vəziyyətdə sadə vətəndaşın sovet dövrünü xatırlaması və o dövrdəki əmək münasibətlərinə nostalgiya hissi ilə yanaşması heç də təəccüblü deyil.

 

Mənim atam ömrünün 30 ilini, bu gün “Azərbaycan”, keçmişdə isə “Kommunist” adlanan nəşriyyatda fəhlə kimi çalışıb. Hələ də xatırlayıram ki, dərsdən sonra onun iş yerinə gedib, birlikdə evə qayıdanda o, mütləq mətbəənin birinci mərtəbəsində yerləşən böyük hamamda yuyunub, təmiz geyimlə işdən çıxardı. Mən hələ dövlət tərəfindən ona verilən 3 otaqlı mənzili, həmkarlar ittifaqının hesabına bizi pioner düşərgələrinə göndərməsini, onun sanatoriya-kurort müalicələrinə göndərilməsini, zərbəçi fəhlə kimi aldığı mükafatları və medalları demirəm.

 

Bu gün isə Nizami Rayon Məhkəməsində Qarabağ müharibəsi əlili Süleymanov Adilin işi araşdırılır. O, əlilliyi olduğu və iş yerində sanitar qovşaq olmadığı üçün yuxarı instansiyalara şikayət etdikdən sonra qondarma maddə ilə işdən azad edilib. Sual verə bilərsiniz ki, niyə "qondarma"? İzah edim: Süleymanov Adil Əhməd oğlu “Azəriqaz”ın rəsmi sənədlərinə əsasən, 2023-cü ilin yanvar ayından etibarən bir həftə belə iş buraxmadığı halda, “Azəriqaz” rəhbərliyi onu 2023-cü ilin iyul ayında Əmək Məcəlləsinin 74-cü maddəsinin “C” bəndi ilə – yəni, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi səbəbi ilə işdən azad edib. Halbuki o, fasiləsiz altı ay işə çıxmamaq kimi bir hal yaşamayıb.

 

Odur ki, hörmətli zəhmətkeş qardaşım, əgər sən öz əmək hüquqlarının müdafiəsinə qalxmasan, birləşib müstəqil həmkarlar ittifaqını yaratmasan və sənin hüquqlarını qorumağa borclu olan, lakin bunu etməyən ictimai birliklərə üzvlük haqqı ödəməyə davam etsən, hüquqların günbəgün daha çox tapdalanacaq. Sənin özün kimi zəhmətkeşlərlə birləşərək müstəqil həmkarlar ittifaqı yaratmağın Azərbaycan Respublikasının qanunlarına zidd deyil, əksinə, qanunlarımız bu addımları alqışlayır.

Əhməd Rəhmanov

Müstəqil Həmkarlar Birliyinin sədr müavini

Seçilən
4
50
azreform.info

10Mənbələr